Ötən il səyahət və turizmin qlobal ümumi daxili məhsula (ÜDM) töhfəsi 9,9 trilyon ABŞ dolları təşkil edib.
İqtisadiyyat.az-ın araşdırmasına görə, bu da 2019-cu illə müqayisədə təxminən 4 faiz azdır.
Bu rəqəmin 2024-cü ildə 11,1 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Statistik göstəricilərə əsasən, 2019-cu ildən 2023-cü ilə qədər səyahət və turizmin qlobal ÜDM-ə töhfəsi belə olub:
İllər | Töhfə |
2019 | 10,3 trilyon dollar |
2023 | 9,9 trilyon dollar |
2024 - proqnoz | 11,1 trilyon dollar |
2034 - proqnoz | 16 trilyon dollar |
Ümumillikdə, 2034-cü ildə turizmin qlobal ÜDM-ə rekord səviyyədə töhfə verəcəyi proqnozlaşdırılır.
Bəs hansı ölkələr ÜDM-ə ən yüksək səyahət və turizm töhfəsini verib?
Məlumata görə, ABŞ və Çin səyahət və turizmin ÜDM-ə töhfəsinə görə dünyanın aparıcı səyahət bazarları hesab olunur. Bu ölkələrin ardınca Almaniya, Böyük Britaniya və Yaponiya gəlir.
Dünyada ən çox ziyarət edilən ölkələr hansılardır?
2023-cü ildə dünya üzrə beynəlxalq turistlərin sayı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artıb, lakin pandemiyadan əvvəlki göstəricilərdən aşağı olub. Belə ki, ötən il dünya üzrə beynəlxalq turistlərin sayı 1,3 milyard nəfər olub. Halbuki, 2019-cu ildə turistlərin sayı 1,4 milyard nəfər olub.
Bu dövrdə Avropa ən çox beynəlxalq turisti cəlb edən region olub. 2023-cü ildə Avropaya gələn turistlərin sayı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artsa da, pandemiyadan əvvəlki səviyyələrə çata bilməyib.
Həmin il Fransa 100 milyon turisti qarşılayaraq dünya üzrə ən çox səfər edilən ölkə olub. Dünya Turizm Təşkilatı (UNWTO) hesabatına görə, ötən il dünyada ən çox ziyarət edilən ölkələrin siyahısı belədir:
Ölkələr | Turist sayı |
Fransa | 100 milyon nəfər |
İspaniya | 85,1 milyon nəfər |
Amerika Birləşmiş Ştatları | 66.4 milyon nəfər |
İtaliya | 57.2 milyon nəfər |
Türkiyə | 55.1 milyon nəfər |
Meksika | 42.1 milyon nəfər |
Böyük Britaniya | 37.2 milyon nəfər |
Almaniya | 34.8 milyon nəfər |
Yunanıstan | 32.7 milyon nəfər |
Bundan əlavə, səyahət və turizm ötən il dünya üzrə birbaşa və dolayı yolla təxminən 330 milyon iş yeri yaradıb. Bu rəqəmin bu il pandemiyadan əvvəlki səviyyələri keçərək təqribən 348 milyona çatacağı proqnozlaşdırılır.
Gözəl Həşimova