AZ

Regionda Aİ missiyasına ehtiyac yoxdur

Azərbaycanla Ermənistan kənar vasitəçilər olmadan məsələləri həll etməkdədir

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının  gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu müssiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir. Digər tərəfdən, regiondakı ölkələr, xüsusilə Rusiya rəsmiləri dəfələrlə Aİ missiyasının regionda kəşfiyyat məqsədilə yerləşdiyini dəfələrlə bəyan ediblər. Bütün bunlar, Azərbaycanın bu missiyanın Ermənistanda yerləşdirilməsinə etiraz etməsində nə qədər haqlı olduğunu isbatlayır.

Missiya kəşfiyyat işləri ilə məşğuldur

Yeri gəlmişkən,  bugünlərdə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib ki, Azərbaycanla sərhəddəki vəziyyətə nəzarət etmək üçün Avropa İttifaqının  mülki müşahidə missiyasının Ermənistan ərazisində olması “Bakının deyil, sırf Brüssel və İrəvanın işidir”. Onun iddiasına görə, “Avropa İttifaqı müşahidəçilərinin Ermənistanda olması sırf Ermənistanla Avropa İttifaqı arasında müzakirə olunan məsələdir. Müşahidəçilər Ermənistan ərazisində yerləşdirilib və sərhədi Ermənistan tərəfdən izləyirlər. Müvafiq olaraq, missiya ilə bağlı yalnız bu tərəflər qərar verməlidir”.

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan isə  bugünlərdə Praqada keçirilən “Ermənistan və Aİ” mövzusunda tədbirdə monitorinq missiyasının regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində rolunu “yüksək qiymətləndirib”. Bütün bunlar bir daha təsdiqləyir ki, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyi qarşısına məqsəd qoymuşdu. Belə hallar bölgədə sülhün əldə edilməsinə mane olmaqdan başqa bir şey deyil. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır, amma heç nəyə nail ola bilmir. Aİ missiyası isə kəşfiyyatla məşğul olmaqdadır.

Uğursuz “binokl diplomatiyası”

Xatırladaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. Bununla bağlı liderlərin Praqa görüşündə razılıq əldə olunmuşdu. Razılığa əsasən 40 nəfərdən ibarət missiya iki ay ərzində Ermənistanda fəaliyyət göstərməli idi. Lakin sonradan Azərbaycanın razılığı olmadan Ermənistanla Aİ bu missiyanın fəaliyyətinin uzadılmasına və genişləndirilməsinə qərar verdilər. Hazırda missiya üzvlərinin sayı 209 nəfərədək artırılıb. Bundan əlavə, ötən ilin sonlarında   Yeğeqnadzorda da (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasimi oldu. Açılış mərasimində missiyanın rəhbəri Markus Ritter çıxış edərək bildirmişdi  ki, Aİ-nin Ermənistandakı missiyası fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. Lakin sonradan Aİ-nin 23 dövlətindən əlavə nümayəndələr göndərilib. Missiya  Qafan, Gorus, Cermuk, İcevanda və digər yerlərdə də özünə ofislər açıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatlar verərək bildirib ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.

Bəs Aİ-nin missiyası sərhəddə konkret hansı işlərlə məşğul olub? O, sülhə töhvə verə bilibmi, yaxud da Ermənistanın hərbi təxribatlarının qarşını alıbmı? Əlbəttə, yox.  Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqda Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar.

Tərəflər sərhədlərin demarkasiyasını vasitəçisiz reallaşdıra bilirsə...

Baş verənlər onu deməyə əsas verir ki, həqiqətən də, regionda  belə bir missiyaya ehtiyac yoxdur. Çünki artıq Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verir. Eləcə də, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması Aİ missiyasının Ermənistanda mövcudluğunu davam etdirməsinə lüzum olmadığını göstərir. Üstəlik, bugünlərdə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni də təsdiqləyib.

Əldə edilən razılığa uyğun olaraq may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. Bu baxımdan, Aİ-nin monitorinq missiyasına  da hər hansı ehtiyac duyulmur.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
yeniazerbaycan.com

10Mənbələr