Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland dünyanın ən bahalı futbolçusu olub.
Arena.az xəbər verir ki, nüfuzlu “Transfermarkt” internet-portalı İngiltərə Premyer Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.
Portal “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halandın transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndiib. Bu isə “qolçu vikinq”in dünyanın ən bahalı futbolçusu ünvana sahib olması deməkdir.
Halandın əvvəlki transfer qiyməti 180 milyon avro məbləğində idi. Hazırda bu qiymətə “Real”ın 3 futbolçusu qiymətləndirilir – braziliyalı cinah hücumçusu Vinisius Junior, inilis yarımmüdafiəçi Cud Bellingem və fransalı mərkəz hücumçusu Kilian Mbappe.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 10 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 106 oyun, 100 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.