“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland kluba və “şəhərlilər”in azarkeşlərinə, göstərdikləri dəstəyə görə təşəkkür edib.
Arena.az xəbər verir ki, Haland bununla bağlı özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:
“Xoş gördük, uşaqlar. Mən sadəcə kluba, azarkeşlərə və son bir neçə həftə ərzində göstərdikləri dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Gəlin, səbirsizliklə gözləyək və bundan sonra nə olacağına diqqət edək”, – “qolçu vikinq” paylaşımında qeyd edib.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 108 oyun, 101 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.