AZ

Erlinq Haland Norveç yığmasının ən sərrast qolçusu oldu

UEFA Millətlər Liqası B Liqası 3-cü qrup Sloveniya yığması ilə 3-ci tur oyunu Norveç yığmasının hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qolçu vikinq” “burğular”ın qələbəsinə dübarə qolu ilə töhfə verib.

Haland 1928-37-ci illərdə Norveç yığmasının heyətində 45 oyuna 33 qol vurmuş məşhur hücumçu, həmçinin jurnalist və yazıçı Yörgen Yuvenin nəticəsini geridə qoyub. Beləliklə Haland Norveç yığmasının heyətində keçirdiyi 36-cı oyununda vurduğu qollarının sayını 34-ə çatdırıb və komandanın tarixən ən sərrast qolçusu ünvanına sahib olub.

Erlinq Haland “Mançester Siti”də çıxış edir. “Qolçu vikinq” “şəhərlilər”in düşərgəsinə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 108 oyun, 101 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 36 oyuna 34 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.

Seçilən
50
3
arena.az

10Mənbələr