AZ

Almaniya Livana və Suriyaya 96 milyon avro dəyərində əlavə humanitar yardım göstərəcək

Almaniya

Berlin, 24 oktyabr, AZƏRTAC

Almaniya Livana dəstək konfransında bu ölkədəki böhranın qarşını almaq üçün 96 milyon avroluq əlavə yardım göstəriləcəyini vəd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Federal Xarici İşlər və İqtisadiyyat nazirliklərinin mətbuata birgə açıqlamasında qeyd olunub.

Məlumatda bildirilib ki, Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi büdcə komitəsinin ötən həftə təsdiqlədiyi 60 milyon avroluq yardımı Livan və Suriya üçün ayırıb. Xarici İşlər Nazirliyi isə Livan və Suriyaya humanitar yardım məqsədilə 36 milyon avro yardım göstərəcək.

Almaniyanın bu yardımı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), UNICEF, Dünya Ərzaq Proqramı (WFP), İnkişaf Fondu (UNDP) kimi qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, eləcə də Alman Qırmızı Xaç Komitəsi (DRK), Livan Humanitar Yardım Fondu (LHF), həmçinin Qadınların Sülh və Humanitar Yardım Fondu tərəfindən də həyata keçirilir. Məqsəd Livanda yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan şəxslərə yardım etmək, ölkədə sosial-iqtisadi sabitliyin təmin olunmasına töhfə verməkdir.

Bundan başqa, xeyli sayda xeyriyyə qurumları da Livandakı böhranın həllinə töhfə verməyi vəd ediblər.

Qeyd edək ki, Livanda sentyabrın 17-dən davam edən münaqişə nəticəsində öz evlərini tərk etmiş insanların sayı 800 mini ötüb. Livan ərazisinin dörddəbirində əhalinin təxliyə edilməsi barədə göstəriş verilib. BMT bu ölkədə humanitar fəlakətin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə və aidiyyəti təşkilatlara müraciət edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
37
17
azertag.az

10Mənbələr