AZ

Basketbol: “Lənkəran” Sumqayıtdan qələbə ilə qayıtdı

Bu gün Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, B qrupunun 2-ci turunun ilk oyunu Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası “Lənkəran”ı qəbul edib. İlk turda məğlub olan komandaların duelində qonaqlar üstün olublar. Böyük fasiləyə məğlub yollanan “Lənkəran” 3-cü periodda vəziyyəti öz xeyrinə dəyişə bilib. Cənub təmsilçisi 22 xal fərqlə qalib gəlib.

Qeyd edək ki, A qrupunda 2-ci turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qalib gəlib. Oktyabrın 26-da “Ordu” – “Şəki” və “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də keçiriləcək “Neftçi” – “Sabah” və “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
B qrupu, 2-ci tur
25 oktyabr

“Sumqayıt” – “Lənkəran” 71:93 (25:16, 22:20, 13:27, 11:30)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Seçilən
31
7
arena.az

10Mənbələr