Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 3-cü turunun sonuncu oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşıllaşma baş tutub.
“Şəki” öz meydanında qələbəyə həsrət “Sumqayıt”ı qəbul edib və inamlı qələbəyə sevinib.
Digər qarşılaşmada isə “Sabah” “Abşeron”un qonağı olub və ardıcıl 3-cü qələbəsini rəsmiləşdirib.
Xatırladaq ki, 3-cü turun ilk görüşündə “Sərhədçi” ilə qarşılaşmış “Naxçıvan” 83:66 hesablı qələbəyə sevinmişdi. NTD isə “Neftçi”dən güclü olmuşdu – 66:63. Dünən “Ordu” öz meydanında “Gəncə”yə (61:82), “Quba” isə “Lənkəran”a (81:86) uduzmuşdu.
Azərbaycan Basketbol Liqası
3-cü tur
3 noyabr
A qrupu
Abşeron – Sabah 59:75
Abşeron Olimpiya İdman Kompleksi.
Xal durumu: Naxçıvan – 6. Sabah – 6. NTD – 4. Sərhədçi – 4. Abşeron – 4. Neftçi – 3.
B qrupu
Şəki – Sumqayıt 101:61
Şəki Olimpiya İdman Kompleksi.
Xal durumu: Gəncə – 6. Ordu – 5. Şəki – 5. Lənkəran – 5. Quba – 3. Sumqayıt – 3.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.