"Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkil etmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənab Prezidentin siyasətinə dünyada olan yüksəık etimadın göstəricisidir.
Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik.
COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bildiyiniz kimi, konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir.
Azərbaycan COP29-a evsahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan evsahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir".