COP29 kimi mötəbər tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsidir.
Ekologiya.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün ölkəmiz kifayət qədər ciddi səy göstərir. Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil olunmuş 14 böyük təşəbbüsdən biri də məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır.
COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndirən deputat tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsinin təsadüfi olmadığını bildirib.
O qeyd edib ki, Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə 198 ölkənin yekdil dəstəyi alınıb. Bu, ölkəmizə, Azərbaycan Prezidentinin siyasətinə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq, biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik. COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir.
“Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan ev sahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir. Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətli üzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşı haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz. Azərbaycan bütün tərəfdaşları ilə münasibətləri kifayət qədər açıq və şəffaf şəkildə qurur. İnanırıq ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişiklikləri ilə mübarizə tarixində yeni səhifə olacaq”, - deyə Soltan Məmmədov əlavə edib.