Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiəyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında “Əl-Taavun”la ev oyununun iştirakçısı olub.
Qarşılaşma “Nəcd cəngavərləri” üçün uğursuzluqla başa çatıb. Belə ki, bu oyunda 0:1 hesabı ilə məğlub olmuş “Əl-Nəsr” yarışı tərk edib.
“Əl-Nəsr”in portuqal hücumçusu və kapitanı Ronaldo isə ərəb klubunun heyətində çıxış etdiyi müddətdə ilk dəfə olaraq penaltidən yararlana bilməyib. Oyunun təzminat müddətində (90+6-cı dəqəq) Ronaldo fürsəti əldən verib. Buna qədər Ronaldo “Əl-Nəsr”in heyətində 19 penaltini dəqiq zərbə ilə qola çevirə bilib.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 12 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 76 oyun, 67 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.