AZ

Kristiano Ronaldo “İstiqlal”a qol vura bilməsə də…

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “İstiqlal”la (İran) oyunun iştirakçısı olub.

“Əl-Nəsr” səfərdə baş tutan bu oyunda 1:0 hesablı qələbəyə sevinib. 90 dəqiqə meydanda olan Kristiano bu dəfə fərqlənə bilməyib.

3 turdan sonra 7 xal toplamış “Əl-Nəsr” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 11 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 75 oyun, 67 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
9
arena.az

10Mənbələr