AZ

Rusiyadan Trampın qələbəsinə reaksiya- Harris bitdi, Ukraynaya zərbə...

Image

Rusiya Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən   məmnun görünür. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Trampın qələbəsini “Ukraynaya zərbə” kimi qiymətləndirib.

Medvedev bəyan edib ki, ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın Rusiya üçün faydalı xüsusiyyətləri var: “Tramp Ukrayna kimi “qəribə müttəfiqlər”ə pul xərcləməyi sevmir”. 

Bununla belə, Medvedev Trampın Ukraynadakı müharibəyə nə qədər dəstək verəcəyini “sistem”in müəyyən edə biləcəyini deyib və ABŞ Konqresində ikipartiyalı anti-Rusiya konsensusa diqqət çəkib.

Medvedev Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatacağını bəyan edib. 

"Kamala bitdi. Qoy o, yoluxucu şəkildə gülməyə davam etsin. Xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz qalacaq və reallaşacaq" - Medvedyev X sosial media platformasındakı paylaşımında yazıb.

Rusiya lideri Vladimir Putinin Trampı təbrik edib-etməyəcəyi ilə bağlı isə Kremldən açıqlama verilib. Kremlin sözçüsü Dmitri Peskov Putinin Trampı seçki münasibətilə təbrik etmək planının olmadığını deyib: “Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə ölkəmizə qarşı müharibədə iştirak edən düşmən ölkədən gedir”.

Putinin Trampı təbrik etmədiyi təqdirdə Rusiya-ABŞ münasibətlərinin daha da pisləşəcəyilə bağlı sualı cavablandıran Peskov deyib ki, münasibətlərin pisləşməsi demək olar ki, mümkün deyil: “Münasibətlər tarixdə ən aşağı səviyyədədir və münasibətlərin gələcəyi ABŞ-ın yeni administrasiyasından asılıdır”.

Putinin Ukraynadakı müharibəni həll etmək üçün Trampla telefon danışığına hazır olub-olmadığına gəlincə Peskov deyib ki bunu bizdən soruşmayın: “Mən sizə Putinin sözlərini, onun təmaslara və dialoqa açıq olduğunu xatırladıram. Bu, bizim ardıcıl mövqeyimizdir və bütün dünyaya da yaxşı bəllidir. Gəlin konkret addımları gözləyək”.

ABŞ-ın Ukrayna siyasətini dəyişib-dəyişməyəcəyilə bağlı proqnozlara gəlincə Peskov deyib ki, ABŞ xarici siyasətini dəyişmək potensialına malik ölkədir: “Ancaq bunun baş verib-verməyəcəyini yanvardan sonra görə bilərik”.

Trampın Ukraynadakı müharibəni bir gecədə bitirə biləcəyi ilə bağlı əvvəlki açıqlamasına toxunan Peskov “Biz dəfələrlə ABŞ-ın Ukraynadakı münaqişənin sona çatmasına töhfə verəcək gücə malik olduğunu demişik. Ancaq təbii ki, bunu bir gecədə etmək mümkün deyil” deyib.

TAHİR





Seçilən
17
50
baki-xeber.com

10Mənbələr