AZ

Miqrantların üzünə bağlanan qapılar, artan sanksiyalar... – Tramp iqtidarı daha nə VƏD EDİR?

ABŞ-da növbəti seçki marafonu başa çatdı. Respublikaçıların 78 yaşlı namizədi Donald Tramp böyük səs çoxluğu ilə seçkilərdə qalib gəldi. Halbuki, Tramp heç də rəqibi Kamala Harrisdən heç də uğurlu kampaniya aparmadı. Əksinə, ABŞ-ın mərkəzi şəhərləri Harrisi dəstəkləyirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp seçkilərdəki qalibiyyətindən sonra 1,4 milyard dollar VARLANDI


Üstəlik, keçirilən son seçki sorğularına görə namizədlər təxminən eyni səs toplayırdılar. Bəzi məqamlarda isə Harris rəqibini üstələyirdi. Amma bütün bunlara rəğmən noyabrın 5-də Tramp qalib elan olundu.

Trampın qələbəsində İlon Mask faktoru

ABŞ nə qədər demokratik ölkə sayılsa da, burada da seçkilərə müdaxilə edilir. Hətta qalib qabaqcadan müəyyən edilir. Təbii ki, qalib dərin dövlət tərəfindən müəyyən edilir və milyarderlər tərəfindən dəstəklənir. Məsələn, heç kimə sirr deyil ki, Co Baydenin prezident seçilməsində milyarder Bill Qeytsin müstəsna xidmətləri oldu. Baydenin hakimiyyəti dövründə az qala Ağ Evin xarici və daxili siyasətini də bu adam müəyyən edirdi. Di gəl ki, son 6 ayda milyarder siyasi səhnədə yoxdur. Necə deyərlər:

“Mavr işin gördü, mavr gedə bilər”

Bu dəfəki seçkilərdə isə hadisələrin mərkəzində dünyanın ən varlı adamı İlon Mask vardı. O açıq şəkildə Trampı dəstəkləyirdi. Hətta Trampın seçki kampaniyasına böyük ölçüdə maliyyə yardımı edirdi. Amerikalı milyarder son üç ayda ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasına təxminən 75 milyon dollar xərcləyib.

Bu sadəcə bir faktdır. Rəsmi şəkildə elan edilməyən yardımların həcmi daha böyükdür. Bundan əlavə, seçki kampaniyası dövründə İlon Mask digər namizəd -Kamala Harrisə qarşı çox sərt çıxışlar edirdi. Hətta o bildirmişdi ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.

Milyarder başqa bir çıxışında isə bildirmişdi ki, Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkədə ciddi senzura tətbiq ediləcək.

Bu azmış kimi Mask qabaqcadan elan etmişdi ki, seçki gecəsi ABŞ prezidentliyinə namizəd Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində olmağı planlaşdırır

Belə də oldu. Seçkilərin gedişini Mask Trampla birgə bütün günü canlı izlədi. Sonda yeni prezidenti təbrik edən ilk şəxs də İlon oldu. Bu da o deməkdir ki, ABŞ-da prezidentləri hələ də xalq yox, milyarderlər seçir.

Mask bu seçkilərdən nə qazandı?

Bu seçkilər nəticəsində Donalt Trampdan daha çox İlon Mask siyasi nüfuz və iqtisadi divident qazandı. Hələ seçkilərə 10 gün qalmış milyarder təkcə “Tesla”nın səhmlərindən sərvətini 33,5 milyard dollar artırdı. Şirkətin səhmləri seçki ərəfəsində 22% artaraq on ildən çox müddətdə ən yüksək artıma nail olub. Bu bir təsadüf ola bilməz. Bu seçkilərin nəticələrinin qabaqcadan bilinməsinin təzahürüdür.

Hadisələri diqqətlə izləyən beynəlxalq ekspertlər hətta iddia edir ki, bu gedişlə  İlon Mask 2027-ci ildə dünyanın ilk trilyonçusu ola bilər. Nəzərə alaq ki, Maskın varidatı bir ildə orta hesabla 110% artıb. Amma yaxın 2 ildə Maskın sərvətlərini 5 dəfə artırması təbii ki, ancaq Ağ Evin güclü siyasi dəstəyi ilə ola bilər. Bu da o deməkdir ki, Maskın “əməyi” yerdə qalmayacaq. Amma bu dəfəki seçkilər təkcə Maskın yox, həm də dünyanın iqtisadi həyatına yeni rəng qatacaq.

Tramp dünyada siyasi yox, iqtisadi mübarizəni gücləndirəcək.

Artıq iqtisadi təlatümlər başlayıb. Belə ki, ABŞ bondları 4.5 faiz, dollar səbət valyutalara nisbətən 2 faiz güclənib. “Bitcoin”in qiyməti ilk dəfə olaraq 75 min dollaradək yüksəldi. Bu da onu göstərir ki, Trampın qələbəsini dəstəkləyən gizli qüvvvələr arasında bu sektorun nəhənglərin əməyi az olmayıb.

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Tramp proteksionizm siyasətinə sadiq qalaraq, ABŞ sahibkarlarını qorumaq və ticarət balansında ciddi müsbət təsirlər əldə etmək üçün gömrük yığımlarının dərəcəsini məhsullardan asılı olaraq 15 faizdən 100 faizədək olan aralıqda artıracaq:

“Məşğulluğun artırılması və sahibkarların dəstəklənmsəsi üçün vergi güzəştləri edəcək. Bunlar ABŞ-ın daxili siyasəti kimi görünsə də, amma ABŞ bazarına çıxan ölkələr üçün, o cümlədən Çin üçün ciddi problemə çevriləcək. Trampın birinci hədəfi Çindir. Amma bu həm də ABŞ-ın özündə qiymətlərin yüksəlməsinə və inflyasiyanın artmasına səbəb olacaqdır. Təbii ki, bu da dünya üçün təsirsiz ötüşməyəcək”.

Müsahibimiz hesab edir ki, yaxın gələcəkdə ABŞ-dan kütləvi deportasiyalar mümkündür:

“Çünki o, miqrasiya siyasətini sərtləşdirəcəyini bildirib. Hətta Trampın Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını bildirmişdi. Bu isə qlobal dünyanın yaşıl strategiyayasına ciddi təhdiddir. Böyük ehtimal ki, o, ənənəvi enerjiyə üstünlük verərək, neft-qaz hasilatını artıracaq.

Odur ki, neft qiymətlərində enişlər gözləmək olar. Bu isə neft hasil edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün arzuolunan hal deyil. Trampın Çini ticarət alətləri vasitəsilə sıxışdıracağı dəqiqdir. İrana qarşı sanksiyaları artıracağı da şübhəsizdir.

Hətta yaxın Şərqlə bağlı İsraili dəstəkləyəcəyini də düşünürəm. Amma onun Ukrayna-Rusiya münaqişəsində tutacağı mövqe ilə bağlı narahatedici bəzi məqamlar vardır. Çünki onun Ukrayna-Rusiya münaqişəsində atacağı doğru olmayan addım qısa bir müddət sonra öz mənfi təsirini Cənubi Qafqazda göstərə bilər”.

“Tramp birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcək”

Millət vəkili Vüqar Bayramov isə Trampın yenidən ABŞ prezidenti seçilməsinin birjalara da təsirsiz ötüşmədiyini bildirib:

“ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib. Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faizə dəyər qazanmışdı.

Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə, Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir”.

Bəs,Trampın yenidən prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinə necə təsir edəcək?

Müsahibimiz deyib ki, ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır:

“Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhfə verir. ABŞ-dakı son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə, ölkəmizin əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğundan bu tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək.

Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalması da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər".

Surxay Atakişiyev, Bizim.Media

 

 

Seçilən
62
50
bizim.media

10Mənbələr