AZ

Xaricdən Azərbaycana gətirilən avtomobillərin QİYMƏTİ

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 1 milyard 484 milyon dollar olan 74723 ədəd avtomobil idxal edilib. İdxal edilən avtomobillər arasında ən çox diqqət çəkən məqam elektrik mühərrikləri ilə təchiz olunmuş avtomobillər və daha az yanacaq istehlak edən hibrid nəqliyyat vasitələridir. 2024-cü ildə Azərbaycana avtomobil idxalında həm qiymət, həm də çeşid baxımından əhəmiyyətli dəyişikliklər baş verib. Elektrikli və hibrid avtomobillərin idxalının artması müasir texnologiyaların yerli bazara daxil olmasına və nəqliyyat sektorunun inkişafına imkan yaradır.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən idxal olunan avtomobillərin orta qiymətini təqdim edir.

10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri  (Mikroavtobus və avtobuslar)

2024-cü ilin 10 ayında  bu kateqoriyaya aid 288 avtomobil Azərbaycana idxal olunub. Ümumi idxal dəyəri 45 milyon 623 min dollar təşkil edir və hər bir avtomobilin orta qiyməti təxminən 158 min dollar olub. Bu növ avtomobillər əsasən iri şirkətlər və ictimai nəqliyyat xidmətləri tərəfindən istifadə olunur və çoxlu sayda insanların daşınması üçün nəzərdə tutulub.

Minik Avtomobilləri

Ən çox idxal edilən nəqliyyat vasitələri minik avtomobilləridir. Bu kateqoriya üzrə 66961 avtomobil idxal olunub, ümumi idxal dəyəri 1 milyard 269 milyon dollar təşkil edir. Orta qiymət isə təxminən 19 min dollar olub. Bu, ölkə bazarında daha əlverişli qiymətə minik avtomobillərinin artan tələbatını göstərir.

Elektrik avtomobilləri

Elektriklə işləyən avtomobillərə  son illər  dünya miqyasında məşhurlaşıb.  Azərbaycanda da bu avtomobillərə  maraq artır. 2024-cü ilin 10 ayında 12529 elektrik mühərriklə işləyən avtomobil idxal edilib və ümumi idxal dəyəri 314 milyon 456 min dollar təşkil edib. Hər bir elektrikli avtomobilin orta qiyməti 25 min dollar olub. Elektrikli nəqliyyat vasitələrinə olan tələbatın artması yanacaq sərfi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hibrid avtomobillər

Bu ilin ötən dövründə Azərbaycana 6457 ədəd hibrid avtomobil idxal olunub, ümumi idxal dəyəri isə 205 milyon 693 min dollar olub. Hibrid avtomobillərin hər birinin orta qiyməti təxminən 31,8 min dollar təşkil edib. Hibrid nəqliyyat vasitələri, həm daxili yanma mühərriki, həm də elektrik mühərriki ilə çalışdığı üçün, yanacaq sərfiyyatını minimuma endirir və ekoloji cəhətdən daha təmizdir.

Elektrik Mühərriklə Hərəkətə Gələn Avtomobillər

Bu kateqoriyada 2592 avtomobil idxal olunub və idxal dəyəri 104 milyon 237 min dollar təşkil edib. Hər bir elektrikli avtomobilin orta qiyməti isə 40,2 min dollar olub. Yalnız elektrik mühərriklə işləyən avtomobillər, ekoloji baxımdan daha təmizdir və gələcəyin nəqliyyat vasitələri arasında önəmli yer tutacaq.

Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri

2024-cü ilin yanvar oktyabr aylıarında Azərbaycana 7038 yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edilib. Bu avtomobillərin ümumi idxal dəyəri 117 milyon 420 min dollar olub və hər birinin orta qiyməti 16,7 min dollar təşkil edir. Bu növ avtomobillər, əsasən logistika və ticarət sahələrində istifadə olunur.

Xüsusi Təyinatlı Mühərrikli Nəqliyyat Vasitələri

436 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub və ümumi idxal dəyəri 52 milyon 226 min dollar təşkil edib. Hər bir xüsusi təyinatlı avtomobilin orta qiyməti 119 min dollar olub.

Elektrikli və hibrid avtomobillərin daha çox yayılması, ətraf mühitin qorunmasına yönəlmiş strateji məqsədlərə xidmət edəcək, eyni zamanda Azərbaycanın nəqliyyat sektorunun beynəlxalq standartlara uyğun inkişafına şərait yaradacaq.

 

Seçilən
15
1
modern.az

10Mənbələr