AZ

Putinin nüvə çıxışından sonra Şimali Koreyaya gözlənilməz səfər

Rusiyanın Müdafiə naziri Andrey Belousov Şimali Koreyaya səfər edib.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Belousov Şimali Koreyanın hərbi və hərbi-siyasi nümayəndələri ilə danışıqlar aparacaq.

Rusiya xəbər agentliklərinin məlumatına görə səfər zamanı Belousov iki ölkə arasındakı dostluq əlaqələrinin, hərbi əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə aktiv şəkildə inkişaf etdiyini vurğulayıb. Bu səfər, iyun ayında Rusiya və Şimali Koreya arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsindən sonra iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Belousov Şimali Koreyanın müdafiə naziri No Kvang Çol tərəfindən Pxenyanda hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Moskva ilə Pxenyan arasındakı hərbi əlaqələr daha da güclənib. Rusiya və Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının sanksiyaları altında olsalar da, iyun ayında hərbi yardım və Qərbin sanksiyalarına qarşı əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. 

ABŞ və Cənubi Koreya Şimali Koreyanı Rusiyanın Ukrayna müharibəsinə dəstək üçün 10 mindən çox hərbçi göndərməkdə ittiham edir. Mütəxəssislər bildirirlər ki, Şimali Koreyanın lideri Kim Çen In bu dəstəyin qarşılığında ordusunun yüksək texnologiyaya və döyüş təcrübəsinə yiyələnməsinə maraq göstərir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Ukraynanın nüvə silahına sahib olmasına mane olacaqlarını bəyan edib. O, əgər Ukrayna nüvə silahına sahib olmağa cəhd göstərərsə, Rusiyanın bütün mövcud silahlarını istifadə edəcəyini bildirib. Putin əlavə edib ki, Ukraynanın nüvə silahı istehsal etməsi demək olar ki, mümkünsüzdür, lakin "çirkli bomba" hazırlamaq potensialları ola bilər.

Seçilən
26
50
musavat.com

10Mənbələr