ABŞ-ın ən böyük tibbi sığorta şirkəti olan “UnitedHealthcare”in baş direktoru Brayan Tompson dekabrın 4-də səhər saatlarında Manhettendə güllələnib. Polis bunun "həyasız və məqsədyönlü hücum" olduğunu bildirib.
Sfera.az bildirir ki, Brayan Tompson “Hilton” otelinin qarşısında güllələnərək öldürülüb.
Bu gün səhər saat 6:45 radələrində Manhettendəki New York “Hilton Midtown” otelinin qarşısında silahlı, maskalı bir adamın pusquda durduğu bildirilir. 50 yaşlı Tompson, ehtimal ki, həmin günə planlaşdırılan investor konfransına hazırlaşmağa kömək etmək üçün oteldən kənarda olub. Silahlı şəxs ona ən azı üç dəfə atəş açaraq kürəyindən və ayağından vurub.
Qatil hadisə yerindən qaçmağ müvəffəq olub. Bu arada Tompson Ruzvelt Xəstəxanasına aparılıb və orada səhər saat 7:12-də vəfat edib.
"Hazırda hər şey bunun əvvəlcədən düşünülmüş, planlaşdırılmış, məqsədyönlü hücum olduğunu göstərir" - deyə NYPD detektivlərinin rəisi Cozef Kenni bildirib.
Polis “UnitedHealthcare”in baş direktoru Brayan Tompsonu öldürən silahlı şəxsin "bacarıqlı" atıcı olduğunu, lakin onun peşəkar silahlı olub-olmadığını dəqiq deyə bilməyəcəklərini bildirib.
Tompsonu vurmaq üçün istifadə etdiyi 9 mm tapança tıxansa da, qatil problemi olduqca tez həll edə bilib. Bu da onun odlu silahlarla tanış olduğunu deməyə əsas verir. Tompsonun həyat yoldaşı Paulette “NBC News”a bu yaxınlarda təhdidlər aldığını desə də, polis hələ də atəşin motivini müəyyən etməyib.
Qatil, görünür, Tompsonun hansı qapıdan çıxacağını bilib və onu bir neçə metr uzaqdan vurub. Şübhəlinin daha sonra velosipedinə minərək Mərkəzi Parka qaçdığı güman edilir.
Şübhəli hələ də azadlıqda olduğundan, NYPD atəş haqqında məlumat verən hər kəsə 10.000 dollar mükafat təklif edib.
Müstəntiqlər Tompsonun Minnesota ştatında işçiləri və ailə üzvləri ilə sorğu aparır. Nyu-York polisi onun otel otağında axtarış qərarı verib.
Brayan Tompson haqqında
Tompson 2021-ci ildə “UnitedHealthcare”in CEO-su seçilib. Bundan əvvəl bir neçə il “UnitedHealthcare”in “Medicare” biznesinə rəhbərlik edərək hər il 10 milyon dollar qazandığı bildirilir.
Qeyd edək ki, “United” Amerikada bazar payına görə ən böyük sağlamlıq sığortaçısıdır. Şirkət tez-tez xəstə baxımını sistematik şəkildə rədd etdiyinə görə fəalların etirazlarının hədəfinə çevrilir.
Belə etirazlardan biri bu ilin əvvəlində Minnesota ştatının Minnetonka şəhərində “United Healthcare”in baş qərargahı yaxınlığında 11 nəfərin həbsinə səbəb olub.
Şirkət fevral ayında 872 milyon dollara başa gələn kiberhücumdan sonra manşetlərə çıxıb.
Aynil