ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu azaldıb.
Musavat.com nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən xəbər verir ki, proqnoz bir barel üçün 80,95 dollardan 80,49 dollara endirib.
Nazirlik gələn il üçün qiymət proqnozunu daha kəskin azaldıb. Belə ki, quruma görə, 2025-ci ildə Brent markalı neftin qiyməti 73,58 dollar təşkil edəcək. Əvvəlki proqnozda bu göstərici 76,06 dollar idi. Agentlik neftin qiymətinin gələn il ərzində sabit olacağını proqnozlaşdırır, çünki bazar ümumilikdə balanslaşdırılacaq. ABŞ Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə qlobal neft tədarükü sutkada 1,6 milyon barel (b/d) arta bilər və bu artımın 90 faizi OPEC+ üzvü olmayan ölkələr tərəfindən təmin ediləcək. Eyni zamanda neftə tələbat sutkada 1,3 milyon barel arta bilər.
WTI markalı neftin qiyməti 2024-cü ildə bir barel üçün 76,51 dollar, 2025-ci ildə isə 69,12 dollar səviyyəsində proqnozlaşdırılır.
Bundan əlavə, Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu sutkada 10 min barel artıraraq 13,24 milyon barel edib. 2025-ci ildə ölkədə neft hasilatının gözlənilən həcmləri, əksinə, sutkada 10 min barel azalaraq 13,52 milyon barelə endirilib.
Musavat.com