"OPEC" bu il üçün neft tələbinin artım proqnozlarını ardıcıl beşinci dəfə aşağı salıb.
Valyuta.Az xəbər verir ki, "OPEC"in aylıq hesabatına əsasən, 2024-cü ildə istehlak artımı proqnozu 210 min barel azaldılaraq gündəlik 1,6 milyon barelə endirilib.
Bu, "OPEC"in təchizat məhdudiyyətlərini uzatmaq qərarından sonra 2024-cü il proqnozunda indiyə qədərki ən kəskin düzəlişdir.
Son dəyişikliklə "OPEC" tələbat proqnozunu iyul ayından bu yana 27 faiz azaldıb.
2024-cü ildə təklifin əvvəlki ayla müqayisədə cüzi artımla gündəlik 1,3 milyon barel artacağı gözlənilir. Hesabatda əsas artım faktorlarının ABŞ və Kanada olacağı bildirilir.
Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi "OPEC+" ittifaqı dayandırılmış xam neft istehsalını yenidən başlatma planlarını üçüncü dəfə təxirə salmaq və gələn il başladıqda artım sürətini yavaşlatmaq barədə razılığa gəlmişdi. Planlaşdırılan bir sıra artımların birincisi yanvar ayından aprel ayına təxirə salınmışdı.
Çinin iqtisadi yavaşlaması və "OPEC"in Amerika qitəsindəki rəqiblərinin təklifinin artması ilə neft qiymətləri iyul ayından bu yana 17 faiz azalıb.
"OPEC", bu il qlobal neft istehlakının gündəlik orta hesabla 103,82 milyon barel olacağını proqnozlaşdırır.
2025-ci il üçün isə artım proqnozu gündəlik 90 min barel azaldılaraq 1,4 milyon barelə endirilib.
"OPEC+", təklif artıqlığının qarşısını almaq və qiymətləri dəstəkləmək üçün 2022-ci ildən bəri istehsalı məhdudlaşdırır. Ötən həftə qəbul edilən qərarla "OPEC"in planı, 2026-cı ilin sonlarına qədər gündəlik 2,2 milyon barellik dayandırılmış istehsalın mərhələli şəkildə bərpa edilməsini nəzərdə tutur.
Rəhim