İsrail ordusu Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir...
Samir Hümbətov: “Əsədin devrilməsindən sonra onu əvəz edən yeni hökumət Qərblə, ABŞ-la, Avropayla, İsraillə münasibətlərin normal qurulacağı barədə mesaj verib. Maraqlı burasındadır ki, bəs İsrail nə istəyir?”.
“Görünür Suriyanın yeni hökuməti Bəşər Əsəddən sonra vəziyyəti toparlanmağa çalışır. Amma hər vəziyyətdə Suriya ilə İsrail arasında yeni bir müharibə riski var”.
Bu sözləri politoloq Samir Hümbətov İsrail Suriyanın cənubunda keçirdiyi hərbi əməliyyatları Poliqon-a şərh edərkən qeyd edib.
Bəşər Əsədin devrilməsinə baxmayaraq, İsrail ordusu Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Belə ki, İsrail ordusu Qolan təpələrindən Suriya ilə sərhəddəki bufer zonaya irəliləyib və bura əlavə qüvvələr cəlb edib, həmçinin mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail Suriyanın ağır silah anbarlarına hava hücumlarını gücləndirəcək və Əsədin devrilməsindən sonra Təl-Əvivə mümkün təhlükələri dəf etmək üçün məhdud hərbi varlığını davam etdirəcək.
Bəs, İsrailin Qolan təpələrində irəliləməsinin mümkün nəticələri nə ola bilər və İsrail “David koridoru”nu açmaq üçün Suriyanın bir hissəsini işğal etməsinə ehtimal vermək olar?
Suriya-İsrail münasibətlərinin gələcək perspektivlərini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Türkiyənin cənub-şərqinə düşən və İraqla Suriya ərazisini əhatə edən “David koridoru” kimi tanınan ərazidə İsrail gücünü artırmağa çalışa bilər. Yəni o yolu açmağa çalışa bilər”.
Əgər İsrail ordusu irəliləməyə davam edəcəksə, bunun yeni bir qarşıdurmaya səbəb ola biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında İsrail-Türkiyə qarşıdurmasını da istisna etməyib.
“Əsədin devrilməsindən sonra onu əvəz edən yeni hökumət Qərblə, ABŞ-la, Avropayla, İsraillə münasibətlərin normal qurulacağı barədə mesaj verib. Maraqlı burasındadır ki, bəs İsrail nə istəyir?
Əslində İsrailin istədiyi tarixdən qaynaqlana bilər və bu “David koridoru” yolunun açılması məsələsi də ola bilər. Amma burada ikinci amil yəqin ki, Türkiyə amili ilə bağlı ola bilər. Yəni görünən odur ki, Türkiyə Suriyada güclənməsini İsrail qəbul edə bilmir. Ona görə də bu prosesi, hərbi əməliyyatları davam etdirir.
Doğrudur, hərbi əməliyyatlara görə İsrail deyir ki, onlar təhlükəsizliyə görə bu addımı atırlar. Amma bunun ikinci anlayışı da var. Görünür ki, Türkiyə ilə yaxın olan yeni Suriya hökumətindən İsrail ehtiyat edir. Həmçinin Türkiyənin cənub-şərqinə düşən və İraqla Suriya ərazisini əhatə edən “David koridoru” kimi tanınan ərazidə İsrail gücünü artırmağa çalışa bilər. Yəni o yolu açmağa çalışa bilər.
Samir Hümbətov: “İsrail işğal etdiyi Qolan təpələrini geri verməyəcəklərini deyir. Bu da İsrailə Suriya arasında yeni müharibə yarada bilər”.
Ən əsası odur ki, bu gün İsrailin apardığı əməliyyatları özləri açıq şəkildə etiraf edirlər. Bu xüsusilə önəmlidir. Çünki bəzən səssiz əməliyyat formasında da həyata keçirə bilirlər. İsrail işğal etdiyi Qolan təpələrini geri verməyəcəklərini deyir. Bu da İsrailə Suriya arasında yeni müharibə yarada bilər.
Görünür Suriyanın yeni hökuməti Bəşər Əsəddən sonra vəziyyəti toparlanmağa çalışır. Amma hər vəziyyətdə Suriya ilə İsrail arasında yeni bir müharibə riski var. Düşünürəm ki, əgər İsrail ordusu irəliləməyə davam edəcəksə, bu yeni bir qarşıdurmaya səbəb ola bilər. Hətta, deyərdim ki, İsrail Türkiyə ilə də qarşı-qarşıya qala bilər. Yəni birbaşa Türkiyə ilə olmasa da, proksi qüvvələr vasitəsilə bu əməliyyatlara girə bilərlər. Bu da riskləri artırır və Yaxın Şərqdə yeni müharibə ehtimalını yaxınlaşdırır”.
Nərminə UMUDLU
Poliqon.info