Bakı, TurkicWorld
Dekabrın 13-də Bakı Konqres Mərkəzində rəsmi şəxslərin, gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin iştirakı ilə “İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, “İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialını inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etməkdir.
Açılış mərasimində qeyd edilib ki, oktyabr ayından etibarən start götürən və respublikanın 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində ümumilikdə 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual gücünü sınayıb.
“Seçim turlarının yekununda regionlar üzrə ən yaxşı nəticə göstərən 12, paytaxt üzrə isə 20 komanda Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə aparırlar.
İki gün davam edən böyük finalda paytaxt və regionları təmsil edən 32 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə gənclər arasında bu mövzunun təbliğinə xüsusi önəm verilib.
2019-cu ildən bəri Gənclər Fondunun dəstəyi ilə mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir.