Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi”(GMDİB) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İntellektual Klubların V Gənclər Liqası”nın qalibi müəyyən olunub.
Birlikdən AZƏRTAC-a bildirilib ki, oktyabr ayından başlayan və ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində, ümumilikdə, 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual biliyini sınayıb.
Müsabiqənin ilkin mərhələsi olaraq şəhər və rayonlarda qalib gəlmiş komandalar növbəti pillədə regionlar, o cümlədən Bakı şəhəri üzrə təşkil edilmiş yarışlarda iştirak ediblər.
Regionlararası keçirilmiş yarışların yekununda ən yaxşı nəticə göstərən 12, Bakı şəhəri üzrə isə 20 komanda dekabrın 13-14-də Bakıda təşkil olunan final mərhələsində yarışıblar. Finalda paytaxt və regionları təmsil edən ümumilikdə 32 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.
Bakı Konqres Mərkəzində iki gün davam edən final mərhələsində “Tantamareska” komandası ən yüksək nəticə göstərərək “İntellektual Klubların V Gənclər Liqası” turnirinin qalibi seçilib. “Berserk” və “JM” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıb. Regionları təmsil edən komandalar arasından Gəncə şəhərinin “Aqronavtlar” komandası 1-ci, Lənkəran şəhərinin “4Tea2” komandası 2-ci, Sabirabad rayonunun “Kişi sözü” komandası isə 3-cü yeri tutub.