Bakı, TurkicWorld
Ölkədə keçirilən ən böyük intellektual turnirin qalibi müəyyən olunub.
Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.
Oktyabr ayından etibarən başlayan və ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində ümumilikdə 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual gücünü sınayıb.
“İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Müsabiqənin ilkin mərhələsi olaraq şəhər və rayonlarda qalib gəlmiş komandalar növbəti pillədə regionlar, o cümlədən Bakı şəhəri üzrə təşkil edilmiş yarışlarda iştirak edib. Regionlararası keçirilmiş yarışların yekununda ən yaxşı nəticə göstərən 12, Bakı şəhəri üzrə isə 20 komanda 13-14 dekabr tarixlərində Bakıda baş tutan möhtəşəm final mərhələsində yarışıblar. Böyük finalda paytaxt və regionları təmsil edən ümumilikdə 32 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.
Bakı Konqres Mərkəzində 2 gün davam edən həyəcan dolu final mərhələsində “Tantamareska” komandası ən yüksək nəticə göstərərək “İntellektual Klubların V Gənclər Liqası” turnirinin qalibi seçilib. “Berserk” və “JM” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıb. Regionları təmsil edən komandalar arasından Gəncə şəhərinin “Aqronavtlar” komandası 1-ci, Lənkəran şəhərinin “4Tea2” komandası 2-ci, Sabirabad rayonunun “Kişi sözü” komandası isə 3-cü yeri tutub.
Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub. Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə gənclər arasında bu mövzunun təbliğinə xüsusi önəm verilib.
Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.