AZ

"Media savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir" - RƏY

Bu gündən etibarən ölkədə “Media Savadlılığı” Həftəsinə (https://medialiteracy.media.gov.az/) start verilib. Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur. 

 

“Media Savadlılığı” ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli deyib ki, media savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir. 

“Əsas mənası, məğzi əldə olan informasiyanın məzmununu qiymətləndirmə, dəyərləndirmə bacarığıdır. Biz buna qadiriksə, deməli, media savadımız var. Yalan məlumatı dezinformasiyadan, doğru məlumatı feyk, saxta xəbərdən ayıra bilmiriksə, deməli, media ilə bağlı məlumat və savadlılığımız lazım olan səviyyədə deyil. Buna görə də media savadlılığı günümüz üçün aktualdır, çünki bu gün bir çox saytlar hələ də "copy paste" ilə məşğuldurlar. Məlumatları digər saytlardan götürüb olduğu kimi verirlər. Fərqinə varmadan, mənbələrə istinad etmədən, xəbərin yalan və ya doğru olmasına əhəmiyyət vermədən tirajlayırlar. Bütün bunların qarşısını almaq, məlumatların dəqiqliyinə nail olmaq, xəbər parametrlərini, dəyərlərini bilmək, bunlara əməl etmək önəmli olduğundan media savadlılığı aktuallıq kəsb edir. "Savadlılıq" deyəndə adətən insanlar oxumaq, yazmaq qabiliyyətini öyrənmək, tarix, fizika, riyaziyyat, informatika və s. nəzərdə tuturlar. Bu, istiqamət olaraq doğrudur, amma "media savadlılığı" deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. Yəni insanların bəlli bir səviyyəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin. Xəbər nə dərəcədə mötəbərdir, mənbəyi nədir və s.”, - professor bildirib. 

 

Q.Məhərrəmlinin qeyd edib ki, media savadlılığı həm də geniş yayılmış sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir: “Media savadlılığını dərinləşdirməyə buna görə ehtiyac var ki, biz fərdi məlumatlarla mediada yayılan məlumatları fərqləndirə bilək. Bir var ki, siz kiməsə mesaj yazırsınız, bunu bir nəfər oxuyur. Bir də var ki, sosial şəbəkədə status yazırsınız, 5-10 min nəfər görür. Bunlar arasındakı fərqi bilmək, informasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, onunla necə davranmaq, yazmaq və ötürmək media savadlılığının tərkib hissəsidir. Buna görə də indi Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq 10 ildir, orta məktəblərdə dərs kimi keçirilir ki, insanlar mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə, dünya görüşlərini formalaşdıra bilsinlər. Çünki media ilə bağlı hər hansı davranışı qiymətləndirə bilməməyimiz mümkünsüzdür. Bu gün Qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunur, treninqlər keçirilir, yazılar yazılır və s. Kütləvi informasiya vasitələrinin özündə savadlılıq məsələsi ayrıca qoyulur. Medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kütləvi kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçısı, yəni böyük bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq çox vacibdir. Buna görə bizdə indi bu istiqamətdə araşdırmalar aparılır, elmi məqalələr, hətta dissertasiyalar yazılır. Media savadlılığının iki aspektindən danışmaq olar. Birincisi, ümumiyyətlə, xəbər istehlakçısı, yəni bizim məlumatı yönləndirdiyimiz auditoriyadır. Ümumi kütlə media savadlılığını, medianın verdiyi məlumatı dəyərləndirə bilməlidir. İkincisi, medianın özündə - konkret kütləvi informasiya vasitəsində media savadlılığının tətbiqidir. Birinci ilə bağlı bəzi məsələləri dedik. İkinci isə artıq peşə məsələləri ilə birbaşa bağlıdır. Xəbəri necə yazmalıyıq? Araşdırma aparırıqsa, mənbələrlə necə işləməliyik? Konfliktli məsələlərdən yazırıqsa, bütün tərəflərin mövqeyini verməliyik, suallara dəqiq əməl etməliyik və s. Birbaşa jurnalist peşəkarlığı ilə məsələlərdə tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları gözləməli, hüquqi aspektləri dəqiq öyrənməliyik. Bu nüansların köməyi ilə materiallarımıza müəyyən keyfiyyət aşılamalıyıq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Dekabr 2024, 12:28   
phrase_var_article.chosen
38
1
pravda.az

10phrase_var_article.sources