AZ

Media Savadlılığı Həftəsinin hədəfləri

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib. Bu tədbirin əsas məqsədi cəmiyyətdə media savadlılığı ilə bağlı maarifləndirməni artırmaq, beynəlxalq uğurlu təcrübəni öyrənmək, xüsusilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, informasiya mənbələri ilə effektiv qarşılıqlı əlaqənin qurulması və məsuliyyətli rəqəmsal vətəndaşlıq anlayışının təbliği də həftənin hədəfləri arasındadır.

Qeyd edək ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradıb. Artıq insanlar baş verən hadisələr barədə məlumatları ənənəvi mənbələrdən deyil, daha çox internet vasitəsilə əldə edirlər. Xüsusilə də internetin imkanlarından istifadə etməklə kütləvilik qazanan sosial şəbəkələr informasiyanın sürətli tirajlanmasına şərait yaradır. İnformasiyanın sürətli ötürülməsi və yayılması onun səhihliyi, tərəfsizliyi, qərəzsizliyi və obyektivliyi ilə bağlı suallar ortaya çıxarır. Belə ki, bu gün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməyi, mənbə göstərməyi, onun sosial-psixoloji nəticələri barədə düşünmür. Bu baxımdan, mövcud olan “informasiya bolluğu” şəraitində, insanların “feyk” xəbərlə doğru xəbəri ayırd etməsi problemə çevrilib. Bu durumda isə cəmiyyətin bütün təbəqələrinin media maariflənməsi ön plana çıxır, media savadlılığı problemi aktuallaşır, onun əhəmiyyəti və zərurəti ortaya cıxır. “Media haqqında” Qanuna əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir.

Media savadlılığı, ümumilikdə, geniş yayılmış media məhsullarına tənqidi yanaşma kimi başa düşülür. Media məhsullarının istehsalında istifadə edilən metodlar, texnologiyalar və subyektlərin, eləcə də verilən ismarıcların təhlili və bu təhlildə fərdi xüsusiyətlərin rolunu anlamaq da bu anlayışa daxildir. Sürətlə qloballaşan və interaktivliyin çox olduğu dünyada media təhsili düzgün cavablara malik olmaqla yanaşı düzgün suallar verməklə də bağlıdır. Hazırkı dövrdə bir çox ölkələrdə media və informasiya savadlılığı təməl insan hüquqları və dayanıqlı inkişaf anlayışları ilə demək olar ki, eyniləşdirilir.

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli bizimlə söhbətində bildirib ki, son illər ölkəmizdə media savadlılığına diqqət artıb:

“Bununla yanaşı, təklif edərdim ki, media savadlılığı deyilən anlayış orta məktəblərdə də tədris olunsun. Orta məktəblərdə çoxsaylı artıq fənləri yığışdıraraq onların yerinə zəruri hesab olunan dərsliklər salınmalıdır. Təcrübə göstərir ki, internet aləmində, feysbuk dünyasında yayılan yalan informasiyalar cəmiyyətdə çaxnaşma yaratmağa səbəb olur. Yayılan xəbərlərin dəqiq olub-olmadığını yoxlayan yoxdur. Sadəcə, savadlı adam bilir ki, hansı xəbər doğru, hansı yanlışdır. Ona görə internet dünyası ilə bağlı cəmiyyəti ciddi şəkildə savadlandırmaq lazımdır. Düzdür, bununla bağlı ali məktəblərdə müəyyən işlər aparılır və gənclərə media savadlılığı öyrədilir. Qeyd etdiyim kimi, buna orta məktəblərdən başlamaq daha məqsədəuyğun olar. Bəzən sosial şəbəkədə sapı özümüzdən olan baltalar dövlət və dövlətçilik əleyhinə şərhlər yazırlar, insanları itaətsizliyə, təxribatlara səsləyirlər. Üç-beş gün sonra insanlar başa düşürlər ki, kimlərsə qərəzli şəkildə, təxribat məqsədi ilə xəbər yayırlar. İstənilən halda dezinformasiyalar cəmiyyətin bəlli kəsiminə təsir göstərir. Bu cür zərərli təsirləri isə ancaq maarifləndirmə yolu ilə aradan qaldırmaq mümkündür”.

C.Məmmədli qeyd edib ki, doğru olmayan, həqiqətə söykənməyən məlumatı yaymaq jurnalistika qanunlarına ziddir: “İstənilən vəziyyətdə təsdiqlənməmiş məlumatlar yaymaq düzgün deyil. Əgər məlumat gizlədilirsə, media məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla onu yaya bilər. Mütləq şəkildə bu xəbərin təsdiqlənməmiş olduğu bildirilməlidir. Media qurumları bütün hallarda cəmiyətə doğru xəbər çatdırmaq prinsipini qorumalı, etik normalar, jurnalistikanın prinsipləri nəzərə alınmalıdır. Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Xəbərin necə əldə edilməsi və yayılması çox önəmli məsələlərdən biridir. İnformasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib ki, bu gün media savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir:

“Biz savadlılıq deyəndə, adətən insanlar oxumaq, yazmaq qabliyyətini öyrənmək, məsələn tarix, fizika , riyaziyyat, informatika və s. nəzərdə tutur. Bu istiqamət olaraq doğrudur. Media savadlılığı deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur.Yəni insanların bəlli bir səviyyəsi olmalıdır ki, o, mediada yayılan məlumatları qiymətləndirə bilsin: Məlumat doğrudur, yalandır, nə məqsədlə yayılır, bunun mənbəyi necədir, nə dərəcədə mötəbərdir və s. Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Media savadlılığı həm də sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir. Yəni, bunun üçün bizim media savadlılığını dərinləşdirməyə ona görə ehtiyacımız var ki, biz fərdi məlumatlarla sosial mediada yayılan məlumatları fərqləndirə bilək. Məsələn, bir şəxsin digərinə yazdığı mesajı bir şəxs oxuyur, lakin o mesajı sosial şəbəkədə paylaşanda 5-10 min nəfər insan oxuyur. Ona görə də bunlar arasındakı fərqi bilmək, informasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, onunla necə davranmaq, yazmaq, ötürmək və s. Bunların hamısı media savadlılığının tərkib hissəsidir".

Professor onu da vurğulayır ki, Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq on ildir ki, orta məktəblərdə dərs kimi tədris edilir: “Məqsəd odur ki, insanlar mətbuatda yayılan informasiyaları dəqiq qiymətləndirə bilsinlər, özlərinin dünya görüşlərini formalaşdıra bilsinlər deyə media savadlılığı tətbiq edilir. Bu mümkünsüz bir işdir ki, biz media ilə bağlı hər hansı davranışı qiymətləndirə bilməyək. İndi bu gün qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunub. Bununla bağlı yazılar yazılır, treninqlər keçirilir və KİV-in özündə media savadlılığı məsələsi ayrıca qoyulur. Bura medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçısının ayrı bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq və s. bunlar çox vacibdir. Ona görə bizdə də bununla bağlı artıq həm araşdırma işləri aparılır, həm elmi məqalələr, həm də dissertasiya yazılır”.

Tanınmış jurnalist hesab edir ki, media savadlılığına iki aspektdən yanaşmaq lazımdır: “Bunun birincisi, ümumiyyətlə, xəbər istehlakçısının məlumatı yönləndirdiyi auditoriyadır, yəni bu, ümumi kütlədir, medianın verdiyi məlumatı dəyərləndirə bilməlidir. İkincisi isə medianın özündə, yəni konkret kütlə informasiya vasitəsinin özündə media savadlılığının tətbiqidir. Medianın özündəki media savadlılığı artıq peşə məsələləri ilə birbaşa bağlıdır. Yəni xəbərin suallarına dəqiq əməl olunmalı, araşdırma aparılanda mənbələrlə necə işləməyi, xəbərin necə yazılmalı olduğunu bilməli, konfliktli məsələlərdən yazırıqsa, tərəflərin hamısının mövqeyini verməliyik. Bunların hər biri də jurnalist peşəkarlığı ilə bağlı olan məsələlərdir. Burada tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları, hüquqi aspektləri dəqiq öyrənməliyik, bu nüansların köməyi ilə materiallarımıza keyfiyyət aşılamalıyıq".

phrase_var_article.chosen
22
1
hafta.az

10phrase_var_article.sources