AZ

Dünya Bankı Orta Dəhlizin potensialının inkişafına kömək göstərməyə hazırdır - Regional direktor

Dünya Bankı Orta Dəhliz boyu yerləşən bütün ölkələrə bu marşrutun imkanlarının inkişafında kömək göstərməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays deyib.

"2030-cu ilədək düzgün investisiyalar və siyasi islahatlarla bu dəhliz vasitəsilə ticarətin həcmini üçqat artırmaq, müddəti isə ikiqat azaltmaq potensialı mövcuddur. Əvvəllər fasiləsiz Şimal marşrutu səbəbindən Orta Dəhliz bu qədər maraqlı deyildi. Lakin hazırkı geosiyasəti nəzərə aldıqda bu marşrut daha cəlbedicidir, lakin onun, həqiqətən, işlək olması üçün investisiyalar və siyasi islahatlar sahəsində işlər görmək lazımdır",- deyə o qeyd edib.

Prays Dünya Bankının ilk addım olaraq təhlil apardığını və nəticədə, Orta Dəhliz çərçivəsində əsas subyektlər kimi Azərbaycan, Qazaxıstan və Gürcüstana həsr olunmuş hesabat dərc etdiyini vurğulayıb.

"Dəhliz vasitəsilə tədarükləri bir böyük ölkə daxilindəki kimi müntəzəm etmək üçün konkret tədbirlər müəyyənləşdiririk. İlk addıma bütün dəhliz boyu logistika həllərinin idarə olunması daxildir. Daşınmalar indiki kimi dağınıq olmamalıdır. Hazırda yüklər dəmir yolu ilə Azərbaycan ərazisindən keçdikdən sonra Gürcüstan sərhədində dayanır. Bu, nəqliyyatın növündən asılı olmayaraq, müntəzəm səyahət kimi hiss olunmalıdır, sanki sürət yolu ilə hərəkət edirsiniz", - deyə o əlavə edib.

Qeyd edək ki, Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz adlanan marşrutla daşımaların həcminin 2030-cu ilədək üçqat artacağını proqnozlaşdırır. Xüsusən Xəzər dənizi vasitəsilə yük daşımalarının həcminin 11 milyona çatacağı gözlənilir ki, bu da hazırkı göstəricilərlə müqayisədə 209 faiz çoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
45
milli.az

10Mənbələr