AZ

Köhnə kişilər

Millətin qeyrətin çəkən ər kişilər, vətənpərvər kişilər... Evin, elin yükünü illərlə çəkən, canından, qanından keçən, amma bir haqsız sözə, söyüşə keçməyən, qan tökən, azadlığın dadını təmiz adına qurban verən nər kişilər... Hanı indi köhnə kişilər???

Bir hissəsini bolşeviklər 30-larda türmələrdə, sürgünlərdə qırdılar, millətin genofonduna sağalmaz yara vurdular. Bir hissəsi də 41 - 45-də çetdi, canını bolşeviklərin vətəninə fəda etdi. Köhnə kişilərin oğulları 60 – 70-lərdə dirçəlməyə başladılar, onları da sovetin senzurası sıxdı, suyunu çıxartdı, sapı özümüzdən olan baltalar satdı, evini yıxdı... Regionçuluq, qohumbazlıq da axırına çıxdı...

Köhnə kişilərin nəvələri 80-lərin sonlarında ayağa durdular və Azərbaycanda müstəqil dövlət qurdular. 90-larda I Vətən müharibəsinə atıldılar, torpaq yolunda şəhid oldular. Sağ qalanlara da Vətəndə yer, iş tapılmadı, ayaqlarını əllərinə aldılar və bir tikə çörək dalınca Rusiya - Türkiyə bazarlarına, Avropa vağzallarına üz tutdular. Xalq günahımdan keçsin, Azərbaycanda elə kəndlər vardı ki, damazlığa bir kişi yoxdu...

II Vətən müharibəsi və köhnə kişilərin nətiçələri yetişdi. “Vətən, Vətən” deyib ayağa durdular, “Düşmənə ölüm” deyib döyüş meydanına atıldılar. Ata-babalarına layiq oğullar 44 gündə Vətən torpaqlarını düşmən işğalından azad etdilər. Qələbə minlərlə igidimizin canı və qanı bahasına başa gəldi... Şəhidlərimiz göylərə getdi, cənnəti haqq etdi, qazilərimiz gələcəyə ümidlə kəndinə, ailəsinə gəldi...

Sən saydığını say... Müharibə qurtarsa da, problemlər qurtarmadı – vəziyyət "urusca"dır. Aşağılardan güman yoxdur, yuxarılardan aman. Ölkəmizdə qohumbazlıq, rüşvətxorluq, inhisarçılıq baş alıb gedir. Müəllimlər, həkimlər bir qarın çörəyə işləyir, pensiyaçılar Allahdan rəhmət, adamlardan mərhəmət diləyir. Ziyalı saydıqlarımız, “aydınlar”ımız ölkənin problemlərini dilə gətirmək, həllinə yardım etmək əvəzinə, saray qapılarında dilənir.

Ölkəmizin gələcəyi - köhnə kişilərin nəticələri, kötüycələri Vətəndə öz qabiliyyətləri ilə yaxşı bir iş qura, yuxarı qalxa bilmirlər. Sosial pilləkan yoxdur, çoxdan sındırılıb, dağıdılıb. Odur ki, gənclər özlərini reallaşdıra bilmir, sıradan olanlar “Qul bazarına” gedir. İstedadlar ingilis dili öyrənir, Vətəndən qaçmağa, qürbətə qucaq açmağa fürsət gözləyir... Və “asta qaçan namərddir” deyib arxaya baxmadan gedir... Avropa, Amerika şəhərlərində süpürgəçilik edir...

Beləliklə, millətin qeyrətini çəkən köhnə kişilər indi gordadır, övladları da özgə qapılarında, Allah bilir hardadır... Nəvələri, nəticələri də İ və II Vətən müharibələrində şəhid, qazi oldular. Vətəndə də şəhid ailələrinə kömək edən, qazilərə əl yetirən, çörək verən məmurları barmaqla saymaq olur. Amma özünə qəsd edən qaziləri barmaqla saymaq olmur... Hökumətimiz “oğru məmur” axtarışında, ziyalılarımız “tavan altında”, oğullarımız “Qul bazarında”dır...

Qalib ARİF

visiontv.az



Seçilən
195
9
Mənbələr
Şərh ()
Bağla