AZ

Dostları ilə araları pozuldu - Hindistanın ünvanına sərt sözlər

ABŞ Prezidenti Co Baydenin son çıxışı aləmi bir-birinə qatıb. Ağ Ev sahibi bir sıra ölkələri tənqid edərkən, ABŞ-nin müttəfiqlərini də hədəf seçib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Bayden Yaponiya və Hindistanın mühacirlərə qarşı ksenofobiya siyasətinin onların iqtisadiyyatlarının durğunlaşmasına səbəb olduğunu iddia edib:

"Ağ Ev sahibi iqtisadiyyatları miqrant siyasəti ilə bu şəkildə əlaqələndirib:

“İqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri siz və başqalarının sayəsindədir. Niyə? Çünki biz miqrantları xoş qarşılayırıq. Niyə Çin iqtisadi cəhətdən belə pis durğunluq içindədir, Yaponiya, Rusiya və Hindistan niyə problem yaşayır? Çünki ksenofobikdirlər, miqrantları istəmirlər. Bizi güclü edən miqrantlardır”.

Baydenin çıxışı ABŞ-nin xarici və təhlükəsizlik siaysətinə zidd kimi qiymətləndirilib. Çünki Bayden bugünlərdə Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida ilə hərbi əlaqələrin inkişafı, Rusiya və Çinə qarşı birgə mübarizə mövzularını müzakirə etmişdi. Bu görüş hər iki tərəfdə müsbət qiymətləndirilmişdi. Ancaq Baydenin qəfil Yaponiyanın ünvanına aşağılayıcı fikirlər söyləməsi Tokioda narahatlıq doğurub. Eyni sözləri Hindistana da aid etmək olar.

Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Baydenə cavab olaraq, “ilk növbədə deməliyəm ki, Hindistan iqtisadiyyatı zəifləmir, daha da güclənir və bunu beynəlxalq təşkilatlar da qeyd edir” cümləsini işlədib. Hindli diplomat ölkəsinin "açıq cəmiyyət" olduğunu iddia edib. Cayşankar həmçinin deyib ki, Baydenin Hindistanın ünvanına dediklərini qətiyyətlə rədd edirlər. Hindistan xarici işlər naziri ABŞ-nin özündə dözümsüzlüyün olduğunu bildirib və misal kimi ABŞ universitetlərində anti-İsrail etirazlarının polis gücünə yatırıldığını vurğulayıb".

Elxan Şahinoğlunun fikrincə, Ağ Ev sahibinin ölkəsinə zərər vurduğu çıxışdan Rusiya istifadə etməyə çalışacaq:

"Kreml deyəcək ki, Vaşqinton heç müttəfiqlərinə sadiq deyil. Bunu Baydenin müşavirləri də anlayırlar. Bu səbəbdən Ağ Evin sözçüsü Karin Jan-Pyer patronunun sözlərini düzəltməyə çalışıb. O söyləyib ki, ABŞ prezidenti Hindistan və Yaponiyada yaşayan xalqlarla diplomatik münasibətləri gücləndirməyə davam edəcəyini və bunun son üç ildəki hərəkətlərində aydın özünü göstərdiyini bildirib. “Bizim Hindistan və Yaponiya ilə güclü əlaqələrimiz var”, - deyən mətbuat katibi Baydenin son üç ildə Tokio və Dehli ilə əlaqələrə xüsusi önəm verdiyini bir daha təkrarlayıb.

Bayden Amerikanı "miqrantlar ölkəsi" adlandırıb. Ancaq o prezident seçkisində Donald Trampa məğlub olsa, Amerika qapılarını mqrantlara bağlayacaq".


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
172
16
teleqraf.com

10Mənbələr