Ermənistanda hakimiyyət dəyişikliyi üçün siyasi zərurət yoxdur – Müşfiq Abdulla
Ermənistanda baş verən etiraz aksiyaların baş nazr Nikol Paşinyanın istefasına və hakimiyyət dəyişikliyin gətirib çıxarması iki amilə bağlıdır. Bunlardan biri paytaxt İrəvanın mərkəzində başlayan total xarakterli aksiyaların genişlənib bütün ölkəyə yayılması, ikincisi isə hakimiyyət dəyişikliyini zəruri edən prosedurlarla və keçiriləcək seçkilərin nəticəsi ilə bağlıdır.
Ermənistan müxalifəti lazım olan dəstəyə malik deyil
Bunu AFN.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla Ermənistanda başlayan etiraz aksiyaları, bu aksiyaların necə nəticələnə biləcəyi və Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına təsirini qiymətləndirərkən deyib. Onun sözlərinə görə, hələ ki, etiraz aksiyalarının kütləvi hal alması yoxdur: “Mayın 9-da axşam və gecə saatlarında İrəvanın mərkəzinə xeyli insan toplaşsa da, onların ümumi sayı 20 nəfərdən artıq olmayıb. Bu baxımdan həmin qüvvələr Ermənistanda hakimiyyəti dəyişəcək səviyyədə deyil. Digər vacib amillərdən biri ondan ibarətdir ki, müxalifət hakimiyyəti dəyişmək üçün daha çox baş nazirə impiçment elan edilməsinə, onun öz səlahiyyətlərindən məhrum edilməsinə, sonra seçkilərin keçirilməsinə çalışır. Lakin mövcud göstəricilər müxalifətin buna siyasi gücünün və hüquqi imkanlarının çatmadığını sübut edir. Belə ki, Ermənistan parlamentində 107 deputat təmsil olunur ki, onun da 71 nəfəri, yəni 2/3-si Paşinyanın tərəfdarlarından ibarət “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləridir. Hazırda etiraz aksiyalarının təşkilinə bilavasitə dəstək verən eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” fraksiyası isə parlamentdə 29 mandata malikdir. Aksiyaların əsas təşkilatçısı olan arxiyepiskop Baqrad Qalstanyan hazırda parlamentdəki iki fraksiya ilə danışıqlar aparıldığını, baş nazirin impiçment elan olunması və ya istefaya göndərilməsi ilə bağlı təşəbbüs irəli sürəcəklərini bildirib. Lakin bu fraksiyalar əsasən Robert Köçəryanın və eks-prezident Serj Sərkisyanın tərəfdarlarından ibarətdir, bura daxil olan deputatların ümumi sayına baxdıqda, onların ciddi bir nəticəyə sahib ola bilməyəcəklərini görürük. Köçəryanın 29, Sərkisyanın 6 tərəfdarı olsa da, onlardan yalnız bir nəfər – Tiqran Abramyan bu təklifi dəstəkləyib. Digər 5 nəfər bu prosesi dəstəkləməyib. Çünki bu iki nəfər arasında da ciddi fikir ayrılığı var. Sərkisyanın bu günlərdə müalicə adı altında Almaniyaya getməsi onun məhz bu prosesdən yayınmaq, Köçəryan-Kilsə ittifaqına dəstək verməmək niyyətilə izah edilir. Eyni zamanda Sərkisyanın rəhbərlik etdiyi Republika Partiyası da bu aksiyanı dəstəkləyən hər hansı siyasi bəyanatla çıxış etməyib, mövqe bildirməyib. Ona görə də müxalifətin həm öz arasında parçalanma var, həm də parlamentdə ümumi hesabda cəmi 30 səs topladığı görünür. Ermənistan qanunvericiliyinə görə, impiçment layihəsini irəli sürmək üçün deputatların ən azı 1/3-nin səsi lazımdır. Onlar paralel olaraq həm də baş nazirliyə namizədlərini irəli sürməlidirlər. Bu hesabla götürdükdə parlamentdəki müxalifət qüvvələrinə Paşinyanın impiçmenti təşəbbüsü üçün 36 deputatın imzası lazımdır. Amma indiyə qədər müxalifət cəmi 30 nəfərin razılığını ala bilib ki, bu da qanunvericiliyin tələb etdiyi yetərsaydan xeyli aşağıdır və heç bir siyasi və hüquqi nəticə verə bilməz. Düşünürəm ki, bu məsələdə Paşinyan siyasi uğur qazanacaq. Ermənistan qanunvericiliyinə görə, baş nazir istefaya göndərilsə belə, 45-60 gün ərzində öz səlahiyyətlərini icra edir, hökumətə rəhbərlik edir. Bu da Paşinyanın hətta istefaya getdikdən sonra belə inzibati resursları əlində saxlaması deməkdir. Nəticədə hakim komandaya yenidən öz qələbəsini təmin etmək üçün əlavə siyasi və hüquqi imkanlar yaradır”.
Paşinyan Ermənistanda güclü sabit elektorata malikdir
M.Abdulla qeyd etdi ki, Ermənistanda aparılan rəy sorğuları və mütəxəssis araşdırmalarına görə, hazırda N.Paşinyanın 680 min civarında sabit elektoratı var. Köçəryanın reytinqi isə ümumilikdə 2 faizdir. Bu da onu göstərir ki, hətta Paşinyan istefaya getsə belə, müxalifət hakimiyyətə gəlmək üçün lazım olan səsləri toplamaq imkanına malik deyil: “Ermənistan parlamentli respublikadır, orada hakimiyyətə iddialı olan siyasi qüvvə 5 faizlik barajı keçməlidir. Köçəryan tərəfdarları o barajı keçmək üçün siyasi gücdən məhrumdur. Ona görə də ciddi bir nəticə əldə edəcəyini düşünmürəm. Bu mitinqlər bir müddət davam edə bilər və istər-istəməz Ermənistanda siyasi vəziyyəti gərginləşdirəcək, lakin hakimiyyət dəyişikliyi ilə nəticələnməyəcək. Ermənistan cəmiyyəti artıq köhnə hakimiyyət nümayəndələrini qəbul etmir. Köçəryan da bunu yaxşı bildiyi üçün prosesə cəmiyyətin bütün seqmentlərinə təsir imkanı olan kilsəni cəlb edib, eyni zamanda Rusiyanın dəstəyinə arxalanır”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın bu prosesdə yenidən aktiv iştirakı onu göstərir ki, mayın 8-də prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşün müsbət atmosferdə baş tutmasına dair məlumatlar heç də həqiqəti əks etdirmir. Tərəflər arasında ciddi fikir ayrılığı olduğu hiss edilir: “Çünki bu görüşdən bir gün sonra İrəvanın mərkəzində keçirilən mitinqə Rusiya ordusunun geyimində müəyyən şəxslərin qatılmasını əks etdirən fotolar yayıldı. Bu da onu göstərir ki, Rusiya hərəkətə keçib və Paşinyanı devirməkdə israrlıdır. Ona görə də yaxın perspektivdə Rusiyanın bu davranışı Ermənistanla Rusiya arasında münasibətlərin daha da gərginləşəcəyindən xəbər verir”.
Ermənistanda baş verənlər sülh prosesinə də təsir edəcək
Ermənistanda hazırda baş verənlərin Azərbaycanla sülh danışıqlarına təsirinə gəldikdə isə M.Abdullanın fikrincə, Paşinyan hakimiyyətini qoruyub saxlasa belə, bu aksiyalar prosesə təsirsiz ötüşməyəcək. Çünki artıq Ermənistanda revanşist qüvvələrin fəallaşması Paşinyanı müəyyən qədər taym-aut götürməyə və geri çəkilməyə vadar edə bilər: “Bu aksiyalardan sonra Paşinyan hökuməti üçün işğal altında qalan 4 kəndin qaytarılması, delimitasiya prosesinin davam etdirilməsi və başa çatdırılması kimi planlar ola bilsin ki, asanlıqla baş tutmasın və müəyyən müddət üçün təxirə salınsın. Hesab edirəm ki, Paşinyan bu aksiyalardan müəyyən mənada danışıqlar masasında əlini gücləndirmək üçün də istifadə edə bilər. Bilirsiniz ki, Paşinyan sərhədlərin 1991-ci il xəritələri əsasında delimitasiya və demarkasiya olunmasını istəyir, bu məsələdə Azərbaycana qarşı müəyyən təzyiq alətləri əldə etməyə çalışır. Ona görə də cəmiyyətin müqavimətini əsas gətirərək Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlarda bu məsələni siyasi kart kimi istifadə edə bilər. Lakin Azərbaycan üçün ərazi bütövlüyü amili, suverenliyinin tanınması daha vacibdir. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyüna və sərhədlərin təhlükəsizliyini təmin etməlidir. Bu baxımdan da Ermənistanda aksiyaların nəticəsindən asılı olmayaraq Azərbaycanın işğal altında olan digər əraziləri də qaytarılmalıdır. Üstəlik, sərhərlər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq delimitasiya və demarkasiya olunmalıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan 10 noyabrda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əks halda Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, işğal altındakı ərazilərini azad etmək üçün güc tətbiq etməyə hüququ yaranır. Çünki indi Ermənistanda müxalifətdə olan qüvvələr yenidən hakimiyyətə gələcəklərinə və 30 il əvvəl olduğu kimi, yenidən Azərbaycana qarşı işğalçılıq iddiaları qaldıracaqlarına ümid edirlər. Hətta Köçəryan tərəfdarları olan “Ermənistan” fraksiyasının üzvləri parlamentdə belə bir iddia ilə çıxış ediblər ki, guya Ermənistanın sərhədləri 1993-cü il xəritələri əsasında delimitasiya olunmalıdır. Halbuki belə bir xəritə ümumiyyətlə yoxdur, onlar işğal olunmuş əraziləri nəzərdə tuturlar. Azərbaycan öz ərazilərini artıq azad edib və heç bir şərt altında yenidən işğal altına düşməsinə imkan verməz. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi bütün hallarda Ermənistanın özünə zərər verə bilər. Azərbaycanla növbəti müharibənin başlaması Ermənistanın ümumiyyətlə bir dövlət kimi yer üzündən silinməsinə gətirib çıxarar. Çünki əgər indi Ermənistanı Qərb müdafiə edirsə, hakimiyyət dəyişsə artıq o da olmayacaq. Başı Ukraynada müharibəyə qarışan Rusiya isə Ermənistanı əvvəlki kimi müdafiə etmək, ona dəstək vermək iqtidarında deyil. Ümumiyyətlə hesab edirəm ki, bölgədə yeni bir müharibənin başlaması Rusiyanın da marağında deyil. Şimal qonşumuz ən uzağı Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır. Çünki yeni bir müharibənin başlanması Rusiyanın bölgədəki əlavə kommunikasiyalara çıxış imkanlarını bağlamaqla yanaşı, regionda maraqlı olan qüvvələrin bundan istifadə edərək Rusiyaya qarşı ikinci bir cəbhə açmasına şərait yaradır. Bütün bunları kompleks təhlil etdikdə, Ermənistanda hakimiyyət dəyişikliyi üçün heç bir siyasi zərurət yaranmadığını və Paşinyanın hakimiyyətdə qalacağını düşünürəm”.
Həbibə ABDULLA