AZ

Fransa “daşları” nə vaxt yığacaq? - “Le Figaro”nun obyektivliyi, səfirin yersiz qərəzi...

Azərbaycan əleyhinə zaman-zaman neqativ məqalələr dərc edən nəşr bu dəfə insafa gəlib; bəs, Makron administrasiyası mövqeyini düzəldəcək? - Şərh

Fransanın “Le Figaro” nəşrində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə yazı dərc edilib. Məqalədə beynəlxalq münasibətlər üzrə professor Sebastian Boussois normallaşma prosesinin mümkün nəticələrini təhlil edib.

Analitik yazıda bildirilib ki, onillərlə davam edən müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün ikitərəfli formata qayıdış dünyanın alovlandığı bir vaxtda ümid verir. Müəllif yazır ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilər ki, sülhün bərqərar olmasında nəinki BMT, həm də beynəlxalq vasitəçilik köhnəlib. Məqalədə ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçilik cəhdlərinin boşa çıxdığı qeyd olunub.

Yazıda həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcəklərinə diqqət çəkilib, tərəflərin iki ölkə arasında 30 ildən çox davam edən münaqişənin həllinə dair yekun və qəti razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə etdikləri vurğulanıb: “Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin onun güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı onun sonunu təsdiqləyən Almatı Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”.

Professora görə, ötən ay Azərbaycanın 4 kəndini qaytarması Ermənistanın normallaşma istiqamətində irəliləmək istədiyinin sübutudur: “Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”. Məqalədə habelə vurğulanır ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli nəticəsində Azərbaycanın anklav Naxçıvana birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Ermənistan üçün də öz qonşuları ilə ticarət əlaqələri qurmaq baxımından faydalı olmalıdır. “Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, - yazıda bildirilir.

“Le Figaro”dakı bu məqalə kifayət qədər obyektiv sayıla bilər. Çünki rəsmi Bakının vasitəçilərsiz sülh gündəliyi ilə xeyli dərəcədə üst-üstə düşür. Xatırladaq ki, “Le Figaro”da ölkəmiz əleyhinə zaman-zaman neqativ məqalələr dərc olunub. Budəfəki yazı hansı zərurətdən doğub? Bəlkə bu, Bakıdakı səfirin də Şuşa səfərinə hazırlaşdığının bir xəbərçisidir? Fransa üçün “daşları yığmaq” zamanı çatdımı? Hərgah Fransanın Ermənistandakı səfiri Olivye Dekottini “Azadlıq” radiosunun ermənilərə bağlı ingilisdilli bölümünün rəhbəri Heghine Buniatyana verdiyi müsahibədə bunu inkar etməyə çalışıb. Ənənəvi destruktiv və qərəzli mövqe sərgiləyib. Üstəgəl, Şuşanı ermənicə qondarma adla - “Şuşi” adlandırıb. Yada salaq ki, az öncə Fransa Bakıdakı səfirini geri çağırmışdı. Yeri gəlmişkən, artıq ABŞ səfiri də Şuşaya baş çəkdi. Qalır bircə Fransa. “Le Figaro”dakı təhlil həm də bunun xəbərçisidirmi?

Züriyə

Siyasi şərhçi Züriyə Qarayevanın “Yeni Müsavat”a bildirdiyinə görə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Fransanın arzuları suya düşdü. Onun fikrincə, Fransa müharibədən sonra Ermənistanı maksimum sülh müqaviləsindən yayındırmağa, dialoq şəraitinin yaranmasına mane olmağa çalışırdı: “Buna baxmayaraq, Azərbaycan uğurlu sülhə məcburetmə diplomatiyası ilə Ermənistanı sülhə doğru irəliləməyə vadar etdi. Ermənistan artıq Azərbaycanın şərtlərinə boyun əyməkdən başqa yolunun olmadığını anlayır. Bu baxımdan, yenə də Fransanın xəyalları suya düşmüş oldu. Fransa da daxil olmaqla, güclər var ki, suverenliyimizin bərpası onların maraqlarına uyğun gəlmir. İstənilən halda, Azərbaycan diplomatik sferada adekvat addımlar atır, Fransaya kifayət qədər reaksiya verir. Düşünürəm ki, əvvəllər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə fərqli reaksiya verib indi qəbullanan güclər siyahısına gələcəkdə Fransa da qoşulacaq”.

Samir

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, Fransanın Ermənistan hakimiyyətini dəstəkləməsinə görə mövqeyi dəyişməyəcək. Onun fikrincə, Makron İrəvana səfərə hazırlaşır: “Onlar eyni siyasi klubdurlar. Makron Paşinyanın ayağını vermir. Parisin qərəzi və düşmənçiliyi buradan qaynaqlanır. Eyni zamanda, Fransa Ermənistanı Rusiyadan qoparmaq üçün dəstəkləyir. Ancaq bu niyyətini ortaya qoyanda Azərbaycana qarşı haqsızlığa yol verir. Hər halda, Fransa nəşrində belə bir təhlilin dərc olunması müsbət faktdır. İntəhası, Yelisey sarayının baxışı ilə bir media orqanının yazısı eyni deyil”. S.Əsədli ABŞ səfirinin Şuşaya səfərindən sonra fransız həmkarından da oxşar addım atılmasını gözləyir: “Əgər Fransa səfiri Qarabağa getsə, o zaman təxmin etmək olar ki, Parisin mövqeyində yumşalma var. Bununla belə, sülh sənədi imzalansa Makron növbəti fakt qarşısında qalacaq və reallıqla barışacaq”. 

“Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin dediyi sözlərin heç bir ağırlığı, dəyəri və əhəmiyyəti yoxdur. Çünki o, həqiqəti bir kənara qoyub Ermənistanın ağzı ilə danışır, rəsmi İrəvanın sözçülüyünü edir”. Bu sözləri axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib. Diplomat Fransanın da Azərbaycanın regionda yaratdığı yeni vəziyyətlə barışmalı olduğunu qeyd edib: “Azərbaycan heç bir ölkənin torpağına girməyib, müharibə yolu ilə işğal altındakı ərazisini qurtarıb. Beynəlxalq hüquqa görə, hər bir ölkənin öz ərazisini işğaldan azad etmək üçün güc yolundan istifadə haqqı var. Çünki söhbət suverenlikdən, ərazi bütövlüyündən gedir. Qarabağ Azərbaycandır! ”Ermənistan ərazisinin böyük hissəsi işğal altındadır" cümləsi nə deməkdir? Bunu demək üçün ya tarixdən, real vəziyyətdən bixəbər olmalısan, ya da ki, qərəzli davranmalısan. Fransa səfirinin qərəzi, məqsədi ortadadır. Ancaq tarixi və hüquqi məsələləri əsas götürərək Azərbaycan daha çox əraziyə girə bilərdi. SSRİ tərkibində olan ölkələr isə Almatı Bəyannaməsi ilə əsas prinsipləri təsbit edib və buna görə də qarşılıqlı tanınma olub. Ermənistan həmin dövrdə də sözügedən sənədə öz işğalçılıq məqsədlərinə xidmət edən düzəlişlərin əlavə olunmasını istəyirdi. Lakin bu alınmadı. Ortada Azərbaycanın öz gücü ilə formallaşdırdığı yeni bir geosiyasi reallıq var. Fransa xoşu gəlsə də, gəlməsə də, bu reallığı qəbul etməlidir. Bunun hansısa başqa yolu yoxdur, ola da bilməz".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
360
2
musavat.com

10Mənbələr