AZ

İlham Əliyev Məsud Pezeşkianı prezident seçilməsi münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktunu göndərib. Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib. Təbrik məktubunun mətnində deyilir: - Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Ötən onilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir. Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir. Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq. İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
49
bizimyol.info

10Mənbələr