AZ

Bakının bağladığı qapılar, İrəvan üçün yaratdığı şans: Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır

Necə ki dörd il əvvəl Azərbaycan zəfər əldə etməsinə baxmayaraq, dərhal sülh təşəbbüsü ilə çıxış etdi, indi Ermənistan da bu şansı əldən buraxmamalıdır. İrəvan ərazi iddialarına qarşı Azərbaycanın hansı cavab reaksiyası verə bilmək iqtidarında olduğunu bir daha xatırlamalı, sülh prosesinə əngəl yaradan məqamları ortadan qaldırmalıdır.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Aparılan müzakirələrdə tərəflər fikir ayrılıqlarının azaldığını bəyan etsələr də, bir sıra prinsipial məqamlarda mövqelər fərqli olaraq qalmaqdadır. Lakin proseslərin gedişi göstərir ki, bu fərqlilik ortadan qalxmadıqca, daha doğrusu, rəsmi İrəvan özünün də etiraf etdiyi sülh yolundakı maneələri dəf etmədikcə razılıq mümkün olmayacaq.

İkitərəfli formatla əldə olunan nəticə

Bu baxımdan, Prezident İlham Əliyevin Kanadanın ölkəmizə yeni təyin olunan səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. Dövlət başçısı bildirib ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd edib ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.

Əldə olunan nailiyyətlərin başlıca səbəbi prosesə kənar müdaxilələrin olmamasıdır. Yəni əldə olunan nəticələr danışıqların məhz ikitərəfli formatda - Bakı ilə İrəvan arasında birbaşa təşkilinin nəticəsidir. Bölgədə sülh və sabitliyin təmin olunmasını istəyən kənar qüvvələr prosesin axarına təsir etməmək prinsipini əsas tutaraq ikitərəfli danışıqlar formatına dəstək göstərməlidirlər. Əks təqdirdə sülh prosesi yenidən çıxmaza sürüklənə bilər.

Bu dövlətlər üçün Bakının qapıları bağlıdır

Prezidentin görüşdə səsləndirdiyi fikirlərdə diqqət çəkən digər məqam beynəlxalq birliyin bəzi üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə sərgilədikləri mövqe ilə bağlıdır. Onun sözlərinə görə, münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünə sadiqlik bəyan etmirdilər. Prezident İlham Əliyev vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra - bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik:

"Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi".

Bəli, Azərbaycan artıq hərbi-siyasi yolla özünün ərazi bütövlüyünü bərpa edib. Tarixi zəfərimizdən sonra beynəlxalq səviyyədə qurulan münasibətlərimiz də məhz bu illər ərzində ölkəmizin ərazi bütövlüyü məsələsində sərgilənən mövqelərə əsasən qurulur. Bölgədə münaqişənin mövcudluğu ilə varlığını təmin etməyə çalışanlar üçün Bakının qapıları bağlıdır. Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır və burada hansısa səviyyədə mövcudluq məhz rəsmi Bakı ilə qurulan münasibətlərdən asılıdır.

Sülh üçün vaxt lazımdır

Prezident İlham Əliyev, əslində, sülh danışıqları prosesinin axarının hansı istiqamətə yönəldiyini də açıqlayıb. Müzakirələrin ümumi fonu barədə təsəvvür yaradıb və gözləntilərin hansı səviyyədə olmasının sərhədlərini göstərib. Onun sözlərinə görə, bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin bir-iki ilə həll edilməsi çətindir:

"Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq, danışıqlar cəmi altı aydır gedir. Buna zaman lazımdır".

Göründüyü kimi, danışıqlar prosesində bu vaxta qədər razılaşdırılmış məqamların İrəvan tərəfindən qəbul edilməsi Bakının hərbi-siyasi yolla yaratdığı reallığın nəticəsidir. İrəvan məğlub olsa da, hər vasitə ilə bölgədə gərginlik ocağının qalmasına səy göstərib. Təbii ki, bu məsələdə onları ruhlandıran məqam məhz yuxarıda qeyd etdiyimiz bölgədə münaqişənin varlığı hesabına öz mövcudluqlarını təmin etməyə çalışan bəzi dövlətlərin verdiyi vədlər olub. Lakin İrəvan bu zaman kəsiyində bir daha anladı ki, sülh naminə artıq Bakının haqlı tələblərini qəbul etməkdən başqa yolu qalmayıb.

Bakının İrəvandan əsas tələbi

İndi isə sülhün başlıca şərti. Artıq tərəflər arasında hansı məsələlərdə fikir ayrılıqlarının qaldığı heç kimə sirr deyil. Söhbət Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının mövcudluğundan gedir. Hətta İrəvan özü də bəyan edir ki, bu iddialar sülh sazişinə maneə yaradır. Lakin bu maneələri aradan qaldırmağa səy göstərmir. Prezident İlham Əliyev isə açıq şəkildə Bakının sülh şərtini bəyan edir: "Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir".

İrəvan bu məsələdən yayınmağa çalışır. Baş nazir Nikol Paşinyan və komandasının məlum addımı atmaması, bəlkə də, daxili siyasi mühitlə bağlıdır. Lakin sülh istəyən tərəf qəti addımlar atmaq iqtidarında da olmalıdır. Necə ki Bakı dörd il əvvəl möhtəşəm zəfər əldə etməsinə baxmayaraq, dərhal sülh təşəbbüsü ilə çıxış etdi, indi İrəvan da bu şansı əldən buraxmamalıdır. Ərazi iddialarına qarşı Azərbaycanın hansı cavab reaksiyası verə bilmək iqtidarında olduğunu bir daha xatırlamalı, sülh prosesinə əngəl yaradan məqamları ortadan qaldırmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
43
seher.media

10Mənbələr