“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun hazırkı iqtisadi vəziyyətini açıqlayaraq, şərh edib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Laportanın bu barədə fikirlərini təqdim edir:
“Bu, çox gərgin üç il idi, görüləsi çox iş vardı, amma iş çox yaxşı görüldü. Biz razıyıq, çünki klubun iqtisadiyyatı bərpa edilir, yaxın vaxtlarda isə bununla bağlı yaxşı xəbərlərimiz olacaq. Klubun iqtisadi dirçəlişinin təsdiqlənməsini tamamlamaq üçün çalışırıq və tezliklə elan edə biləcəyimiz bir sıra əməliyyatlar var. Üç il vaxtımzı almış bu prosesi başa çatdıra bilmək çox xoşdur. Ümidvaram ki, adi vəziyyətə qayıdacayıq”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, “Barselona” üçün artıq geridə qalmış 2023/2024-cü illər mövsümü uğursuz keçib. “Blauqrana” bütün yarışlarda mübarizəsinə xitam verərək, İspaniya La Liqasının gümüş medalı ilə təsəlli tapıb. Bu da Kataloniya nəhənginə qarşıdakı 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasında iştirak hüququ verir.