ABŞ Ermənistanla birgə hərbi təlimlərə başladı
Ermənistanda Ermənistan və Amerika hərbçilərinin iştirak etdiyi “Eagle Partner 2024” təlimləri başlayıb.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimin iyulun 24-ə qədər davam etməsi nəzərdə tutulur.
“İyulun 15-də Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Eagle Partner 2024” birgə erməni-amerikan təlimləri başlayıb. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir. Təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında stabilləşdirici tədbirləri əhatə edir. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsini, o cümlədən Ermənistan bölməsinin döyüş hazırlığını artırmaqdır”, - məlumatda qeyd edilib.
Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuin və başqaları iştirak ediblər.