ABŞ-ın Azərbayan və Ermənistan arasında sülh sazişinin imzalanması, bölgədə uzunmüddətli sabitliyin əldə edilməsi haqda bəyanatları əməli fəaliyyətlə ziddiyyət təşkil edir. İyulun 15-də Dövlət Departamentinin sözçüsü Metyu Miller Bakı-İrəvan sülhündən danışdı, eyni gündə ABŞ və Ermənistanın birgə hərbi təlimləri başladı. Bu, bölgədə kövrək sabitliyi poza biləcək vəziyyət yaradır.
Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimlərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, bu təlimlər Vaşinqtonun regionda uzunmüdətli sülh çağırışlarına uyğun gəlmir:
“Ermənistanda keçirilən təlimlərin məqsədi bəllidir. ABŞ bölgədə hərbi baxımdan möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq niyyətindədir. Plan Ermənistan üzərindən həyata keçirilir. Bu, təlimlərin siyasi hədəfidirsə, taktiki hədəfi Ermənistan ordusunu gücləndirmək, bu ölkənin hərbi təchizatını bu və ya digər formada həyata keçirməkdir. Hərbi baxımdan güclənən və bu təlimləri “ABŞ Ermənistanın arxasındadır” kimi qəbul edən rəsmi İrəvanın revanşist mövqeyinin güclənəcəyi aydındır. Bu o deməkdir ki, regionda uzunmüddətli sülhdən danışan ABŞ əslində praktiki olaraq bu sülhü baltalayır”.
A.Camal bildirib ki, 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti, ardınca Qarabağda separatizmin məhv edilməsi regionda sülh üçün tarix boyu təhlükə yaradan erməni revanşizmini dəfn etmişdi:
“Ermənistanda anlayırlar ki, sülh onların bölgədə mövcudluğunun yeganə təminatı ola bilər. Lakin Ermənistan hakimiyyətinin arxa planda daim bölgədəki şərtləri dəyişdirmək, yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək üçün yeni “ağa” axtardığı da sirr deyil. Əgər əvvəllər bu iddialar Qarabağla bağlı idisə, indi sərhədlə bağlıdır, xüsusilə cari dövrdə Azərbaycan Ordusunun sərhəddə nəzarət etdiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağı planlaşdırırlar. Ermənistan rəhbərliyi ABŞ-la birgə təlimləri bu hədəflərinə nail olmaq yolunda yeni imkan kimi qəbul edir. İstisna deyil ki, Ermənistan ABŞ-la birgə təlimlərdən sonra sərhəddə hədəflərinə nail olmaq üçün təxribatlara əl atsın. İrəvanda düşünürlər ki, Vaşinqton Ermənistanın Azərbaycana qarşı sərhəddə mümkün təxribatlarında onları dəstəkləyəcək. Bu baxımdan, ABŞ-ın Cənubi Qafqazda qlobal mübarizə hədəfləri bölgədə uzunmüddətli sülhə təhlükə yaradır. Çünki Vaşinqton Ermənistandakı təlimləri bölgədə güclənmək yolunda növbəti addım kimi görsə də, rəsmi İrəvan bundan öz məqsədləri üçün istifadə etmək niyyətindədir”.
Politoloq diqqətə çatdırıb ki, ABŞ-ın Ermənistanla birgə təlimləri Cənubi Qafqazda eskalasiya riskləri yarad bilər:
“Vaşinqton anlamalıdır ki, Cənubi Qafqazda yeni reallıqlar var və bu reallıqların dəyişdirilməsi cəhdi eskalasiya qapısını açır. ABŞ həqiqətən də bölgədə uzunmüdətli və davamlı sülh istəyirsə, Ermənistan revanşizmini “pöhrələndirəcək” addımlardan çəkinməlidir”.