AZ

İçindən dəfələrlə tük çıxan TƏRİFLİ MOTAL – TƏHLİL

Demokratiyanın beşiyi, sivil ölkə, inkişaf etmiş məmləkət kimi özünü dünyaya sırımaq istəyən Amerikanın əsl mahiyyətini və mənzərəsini təsəvvür etmək üçün orada baş verənləri xatırlamaq kifayət edir. Məhz həmin ölkədə baş verən son sui-qəsd hadisəsi hafizələri təzələməklə, bir sıra buna bənzər, oxşar hadisələri, məqamları bir daha yada saldı və özünü sivil ölkə kimi göstərmək istəyənləri məyus etdi. "Tərifli motaldan tük çıxar", zərb məsəlində deyildiyi kimi də oldu və davamlı şəkildə "mədh edilməkdə olan" ABŞ kimi bir dövlətdə rüsvayçı bir hadisənin baş verməsi, daha doğrusu, yenə də təkrarlanması bütün dünyada ikrah doğurdu.

Mübarizənin belə bir şəkil alması, namizədin odlu silahdan hədəfə alınması qəbul edilən deyil və buna görə də rezonans doğurub

Bildiyimiz kimi, Amerikada prezident seçkiləri gözlənilir və bir neçə aydan sonra baş tutacaq seçkidə qalibiyyət uğrunda mübarizə barəsində də çoxdandır ki, informasiyalar yayılmaqdadır. Ələlxüsus da, hazırki prezident Co Bayden ilə Donald Tramp arasında daha qızğın mübarizə olduğunu da bilirik. Gözlənilən seçki öncəsi hər iki amerikalı siyasətçinin necə mübarizə apardığını da mətbuat səhifələrindən eşidirik. Sözsüz ki, seçki öncəsi aparılan mübarizə, bir-birinə rəqib olan qüvvələrin siyasi mübarizəsi anlaşılan, qəbul olunandır və buna görə də dünyada hansısa ciddi rezonans doğurmamışdı. Amma mübarizənin belə bir şəkil alması, daha dəqiq desək, namizədlərdən birinin odlu silahdan hədəfə alınması heç bir şəkildə qəbul edilən deyil deyə, məhz indi qlobal miqyasda böyük bir rezonans doğurub desək yanılmarıq. Çünki sivil dünyada yaşadığımızı düşündüyümüz halda, mübarizənin qanun müstəvisində aparıldığına əmin olduğumuz halda belə bir sui-qəsd hadisəsi ilə qarşılaşdıqda əks-səda doğurmaya, hətta ikrah hissi belə yaratmaya bilməz. Hər halda dünyanın bir çox ölkələrinə demokratiya dərsi keçmək iddiasında olan bir ölkə üçün ümumiyyətlə qəbul edilən hesab edilə bilməz və halbuki, həmin ölkədə belə sui-qəsd hadisəsi, özü də bunun birbaşa həmin ölkənin prezidentinə qarşı edilməsi birincə, heç ikinci dəfə də deyil. Belə sui-qəsd hadisəsi artıq ABŞ kimi bir ölkədə dəfələrlə təkrarlanıb.

Hədəfə çevrilən Tramp deyil, Bayden oldu...

Bəli, həqiqətən də prezidentliyə bir namizəd olan Donald Tramp hədəfə alınsa da, güllə ilə nəyə isə nail olunmadı və əslində, bununla Tramp yox, Co Bayden hədəfə çevrildi. Daha açıq şəkildə desək, Trampı hədəfə alıb siyasi səhnədən uzaqlaşdırmaq istəyən onu deyil, Baydeni daha da uzaqlaşdırmış oldu. Sorğuların nəticələrinə görə, onsuz da öndə olan və qələbəsinə daha çox inanılan Tramp demək olar ki, bu məlum hadisədən sonra artıq prezident seçkilərinin mütləq qalibi hesab oluna bilər. Co Baydeni bir müddətdir ki, üstələyən Donald Tramp indi məhz bu uğursuz sui-qəsd hadisəsindən sonra rəqibini daha da üstələmiş oldu. Bir çox amerikalı ekspertlərin, siyasi şərhçilərin, politoloqların fikrinə görə, Trampa qarşı olan sui-qəsd cəhdindən sonra onun prezident seçkilərində qalib gəlmə şansının 75 faizin üzərinə çıxdığını təkzib etmək olmaz. Ona görə ki, məlum sui-qəsd hadisəsi məhz ABŞ prezidenti postuna iddia edən şəxsə, Donald Trampa qarşı edilib və bu məsələdə günahkar istənilən halda Co Bayden hakimiyyəti hesab olunur.

Doğrudur, sui-qəsd cəhdində birbaşa olaraq, özü də mütləq şəkildə Co Bayden administrasiyasını günahkar hesab etmək, günahkar bilmək sadəlövhlük olardı. Yəni, Co Baydenin, yaxud onun hakimiyyət komandasının belə bir sui-qəsdi sifariş etdiyini, onu planladığını düşünmək bir qədər gülünc görünür. Əvvəla, ona görə ki, sui-qəsd Bayden tərəfindən, onun hakimiyyət komandası tərəfindən planlaşdırılsa idi belə “qeyri-dəqiq”, uğursuz olmazdı. Hər halda Ağ Ev belə bir plan hazırlasa idi güllə Trampın qulağına yox, düz başına dəyərdi, onu heç xilas etmək də olmazdı və dərhal həyatını itirərdi. Amma görürük ki, prezidentliyə namizədi hədəfə alan bunu bacarmayıb və deməli, Ağ Evdən şübhələnmək belə tamamilə yanlışlıqdır. Digər tərəfdən də axı, belə bir mərhələdə, seçki kompaniyasına başlanıldıqdan sonra rəqib namizədə qarşı sui-qəsd heç məzmun etibarı ilə də Bayden adminstrasiyasının siyasi maraqlarına cavab vermir. Əksinə, belə reaksiyalar onun siyasi maraqlarına tamamilə zidd xarakterdədir və Ağ Ev rəhbəri buna heç imkan da verməzdi. Amma bütün bunlarla belə hadisə, sui-qəsd cəhdi məhz Co Baydenin hakimiyyəti dövründə, özü də məhz prezident seçkiləri öncəsi, həm də onun birbaşa rəqibinə qarşı edilibsə, Ağ Ev və onun rəhbəri qətiyyən yaxasını kənara çəkə bilməz. Yəni, heç də Co Bayden və onun adminstrasiyası tamamilə günahsız sayıla bilməz və şübhəsiz ki, bunu bütün amerikalılar yaxşıca nəzərə almaqdadırlar. Ona görə də baş verən hadisədən, sui-qəsd cəhdindən ən ağır şok yaşayan hazırda elə məhz Bayden adminstrasiyası özüdür. Deməli, hədəfə çevrilən Tramp deyil, Bayden oldu...

Sui-qəsd ilə bağlı versiyalar və bunların ABŞ kimi bir dövlətin nüfuzuna, imicinə vurduğu zərbə

Sui-qəsd cəhdi, onun törədilməsi cəhdi ilə bağlı artıq çoxlu sayda versiyalar mövcuddur. Bir çoxları bu səhdin bəlkə də Trampın özü tərəfindən hazırlanan plan əsasında olduğunu iddia edirlər. Digərləri onun əleyhində olanların planı kimi başa düşürlər. Fərqli fikirlər, fərqli yanaşmalar var və belə fikirlər, yanaşmalar barədə informasiyalar böyük sürətlə də yayılmaqdadır. Hər halda, Trampın öz həyatını riskə qoymasına, güllənin qulağına tuşlanmasına əvvəlcədən razılıq verməsinə inanmaq nə qədər gülünc, nə qədər absurd səslənirsə, sübut olunmayan versiyalar da bir o qədər qeyri-ciddi təəssürat yaradır. Sözsüz ki, hadisənin təfərrüatları, törədilmə səbəbləri, məqsəd və vəzifələr, nəzərdə tutulan nəticələr belə yaxın zamanda dünya ictimaiyyətinə çatdırılacaq. Ən azından hadisə barədə kifayət edəcək dərəcədə informasiyalar yayılacağı bəllidir və bunun gizlədilməsinin, ört-basdır edilməsinin belə mümkünsüzlüyü heç kimdə şübhə də doğura bilməz. Axı hansısa Afrika ölkəsindən yox, söhbət bu yekəlikdə bir ölkədən, həm də özünü demokratik dövlət kimi sırıyan ölkədən, ABŞ adlı bir məmləkətdən gedir.

Hər halda, Donald Trampa qarşı siyasi aqressiya da artıq nəzərə alınmaqdadır. Heç şübhəsiz ki, onun seçiləcəyi təqdirdə dünyada bir çox proseslərin öz istiqamətini, hətta məzmununu belə dəyişəcəyini təxmin edənlər və bunun onların maraqlarına cavab vermədiyi qənaətində olanlar da diqqətdən yayınan deyil. Ukrayna savaşını sona çatdıracağını hələ seçkiyə bir il qalmışdan belə rəsmən bəyan edən, Yaxın Şərqdə yaşanan hərbi prosesləri də sakitləşdirəcəyinə söz verən, NATO-nun gələcək taleyinə də aydınlıq gətirəcəyi barədə sərt açıqlamaları ilə diqqəti çəkən Donald Tramp yəqin ki, kimlərinsə hədəfində olub. Yəqin ki, Trampın vədləri müharibələrin, münaqişələrin daha da qızışdırılmasını istəyən nüfuzlu silah şirkətlərinin də, bəzi neft sənayesinin də maraqlarına zidd olub və Bayden administrasiyası dönəmində daha da varlanan bu iki istiqamət üzrə biznesə sahib olanlar Ağ Ev rəhbərinə ciddi rəqib olan Trampı buna görə “aradan götürmək” fikrinə düşüblər. Daha dəqiq desək, hələ seçilmədən öncə verdiyi vədləri ilə kimlər üçünsə çətinliklər, problemlər yaradacağını proqnoz verən Donald Tramp elə onlar üçün də arzuolunmaz sayılıbmış. Onun kənarlaşdırılması meyilləri də təkzib edilə bilməz. Əlbəttə ki, Ağ Ev rəhbərinin özünün də onu kənarlaşdırmaq cəhdi xatirimizdədir və Bayden administrasiyasının, hətta Donald Trampı məhkəmə yolu ilə seçki marafonundan kənarlaşdırmağa cəhd göstərdiyi də hər kəsə bəllidir. O da bəllidir ki, Donald Tramp hüquqi bloklamanı yararaq bu cəhdin qarşısını da ala bilib və belə görünür ki, onun prezident seçiləcəyinin artıq qarşısını almaq mümkün də deyil. Belə görünür ki, ona qarşı sui-qəsd cəhfindən tutmuş hər nə varsa hamısı nəticəsiz olub və əslində, bunlar ABŞ kimi bir dövlətin nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil. Dünyaya sivil dövlət kimi özünü göstərməyə çalışan, belə bir imic formalaşdırmaq üçün dəridən-qabıqdan çıxan bir dövlətin daxilində bu şəkildə cərəyan edən hadisələr, sui-qəsd cəhdləri məhz motivindən, versiyanın hansının doğru olmasından asılı olmayaraq, ilk növbədə həmin dövlətin imicinə böyük zərbədir.

ABŞ üçün sui-qəsd cəhdləri ənənə halına çevrilib və bu, heç də yaxşı nümunə deyil

Belə məlum olur ki, dünyaya demokratiya dərsi keçmək üçün əldən-ayaqdan gedən ABŞ adlı bir ölkədə seçki öncəsi mübarizə heç də normal qaydada, təbii şəkildə getmir. Çünki seçki öncəsi zorakılıq, qətl yolu ilə rəqibin kənarlaşdırılması heç də sivil ölkədə baş verə bilməz. Hər bir halda, demokratiyadan dəm vuran bir ölkədə namizədlər və ya onların tərəfdarları öz rəqiblərini qanuni seçki yolu ilə siyasi səhnədən uzaqlaşmalıdırlar, zorakılıqla yox. Əgər bunun dəfələrlə şahidi oluruqsa, deməli, vəziyyət gün kimi aydındır və amerikalıların demokratiyadan dəm vurmağa zərrə qədər də haqları çatmır. Əgər belə bir hadisə, yəni sui-qəsd cəhdi, özü də dəfələrlə və bir-birinin ardınca məsələn, Cənubi Qafqaz ölkələrində baş vermiş olsaydı, bu barədə ABŞ bar-bar bağırar və həmin ölkələri dayanmadan qınayar, anti-demokratik olmaqda günahlandırardı. Amma məsələ burasındadır ki, qınanılacaq ölkə elə ABŞ özüdür və orada baş verənlər göstərir ki, heç də həmin ölkə qeyd olunan tərifə layiq deyilmiş. Demokratik ölkə, sivil dövlət kimi özləri barədə amerikalıların tərifləri heç də uyğun gəlmir. “Tərifli motaldan tük çıxar”, zərb məsəli bu məqamda tam yerinə düşür və görürük ki, həqiqətən də bu vaxta qədər tərif edilən ABŞ heç də dünya ölkələri üçün yaxşı nümunə sayıla bilməz.

Diqqətə çatdıraq ki, prezidentlərinə qarşı ən çox sui-qəsd cəhdi edilən və bir sıra hallarda da prezidentləri sui-qəsdin qurbanı olan ölkə məhz Amerika Birləşmiş Ştatlarıdır. Tarixə qısa şəkildə nəzər saldıqda buna əmin oluruq və ABŞ tarixində Amerika prezidentlərinə qarşı baş verən sui-qəsd hücumlarının xronologiyasını nəzərdən keçirmək əminliyimiz üçün kifayət edir. Hələ 19-cu əsrin birinci yarısında, daha dəqiq desək, 1835-ci il 30 yanvar tarixində Kapitoli binasının yaxınlığında Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. Atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal yaxalanan naməlum şəxs öz ifadəsində məhz işsiz qaldığı üçün prezidenti öldürmək istədiyini etiraf edib. Prezident Endryu Cekson sui-qəsd cəhdindən xilas olsa da, digər bir ABŞ prezidenti Avraam Linkoln artıq sui-qəsdin qurbanına çevrilib. O, 1865-ci il 12 aprel tarixində teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib və məlumat üçün nəzərə çatdıraq ki, Linkolna olan sui-qəsdin sirri az qala bir əsrdən sonra, ancaq 1961-ci ildə açılıb. Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə 1881-ci il seçkilərində qələbə qazanan və ABŞ-ın 20-ci prezidenti seçilən Ceyms Abram Qarfild də sui-qəsdən yaxasını qurtara bilməyib və prezident olaraq vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib və qan zəhərlənməsinə səbəb olan güllə yarasına görə həyatını itirib. Hər halda, ABŞ-ın 35-ci prezidenti olan Con Kennedinin sui-qəsd qurbanı olduğunu bilməyən yoxdur, çünki bu barədə daha çox informasiyalar yayılıb. Beləki, 1962-ci il 22 noyabr tarixində Dallas şəhərinə səfər edən zaman snayper tüfəngindən ona açılan atəş nəticəsində boynuna və başına dəyən güllə prezident Kennedinin həyatına son qoyduğu barədə olduqca geniş məlumatlara rast gəlmək mümkündür. Həmçinin, 1933-ci ilin 15 fevral tarixində Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək cəhdi barədə də məlumatlıyıq. Amerika prezidentiata Corc Buşun 13 aprel 1993-cü il tarixində bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olduğu da yaddan çıxan deyil. Amerika prezidenti olduğu dövrdə oğul Corc Buşun 2 dəfə sui-qəsd cəhdinə hədəf olduğu barədə də, 2008-ci il 24 avqust tarixində ABŞ-ın başqa bir prezidenti Barak Obamaya qarşı sui-qəsd planlaşdırıldığı barədə də, məhz sonuncu sui-qəsd hadisəsinin fonunda qulağından güllə yarası alan Donald Trampa 2016-cı il 21 iyun tarixində Las-Veqasda mitinq zamanı avtoqraf istəmək adı ilə yaxınlaşan 19 yaşlı Maykl Sendford adlı birinin Trampı öldürmək niyyəti ilə mühafizə xidmətinin əməkdaşının silahını götürməyə cəhd etməsi barədə etirafları haqda da dünya ictimaiyyəti kifayət qədər informasiyaya malikdir, yetərincə məlumatlıdır.

Məlum sui-qəds hadisələri barədə sadalanan məlumatlar təsdiq edir ki, ABŞ tarixində belə hadisələr olduqca çox olub. Görünən odur ki, ABŞ üçün belə sui-qəsd cəhdləri, prezidentləri öldürmək, həyatlarına son qoyaraq, onların siyasi səhnədən götürülməsi cəhdləri adət və ənənə halına çevrilib. Belə məlum olur ki, dünyaya demokratiya dərsi keçmək üçün əldən-ayaqdan gedən ABŞ adlı bir ölkədə seçki öncəsi mübarizə heç də normal qaydada, təbii şəkildə getmir. Çünki seçki öncəsi zorakılıq, qətl yolu ilə rəqibin kənarlaşdırılması heç də sivil ölkədə baş verə bilməz. Hər bir halda, demokratiyadan dəm vuran bir ölkədə namizədlər və ya onların tərəfdarları öz rəqiblərini qanuni seçki yolu ilə siyasi səhnədən uzaqlaşmalıdırlar, zorakılıqla yox. Əgər bunun dəfələrlə şahidi oluruqsa, deməli, vəziyyət gün kimi aydındır və amerikalıların demokratiyadan dəm vurmağa zərrə qədər də haqları çatmır. Əgər belə bir hadisə, yəni sui-qəsd cəhdi, özü də dəfələrlə və bir-birinin ardınca məsələn, Cənubi Qafqaz ölkələrində baş vermiş olsaydı, bu barədə ABŞ bar-bar bağırar və həmin ölkələri dayanmadan qınayar, anti-demokratik olmaqda günahlandırardı. Amma məsələ burasındadır ki, qınanılacaq ölkə elə ABŞ özüdür və orada baş verənlər göstərir ki, heç də həmin ölkə qeyd olunan tərifə layiq deyilmiş. Demokratik ölkə, sivil dövlət kimi özləri barədə amerikalıların tərifləri heç də uyğun gəlmir. “Tərifli motaldan tük çıxar”, zərb məsəli bu məqamda tam yerinə düşür və görürük ki, həqiqətən də bu vaxta qədər “özü-özünü tərif edən” ABŞ heç də dünya ölkələri üçün yaxşı nümunə sayıla bilməz.

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
sia.az

10Mənbələr