AZ

“Amerika amerikalılar üçün, Tramp azərbaycanlılar üçün”- ermənilər şokdadır...

Image

Bəhruz Quliyev: “Tramp sələflərinin yolunu davam etdirərək ermənilərin arzularını puç edib”

Trampın, xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəskin artması erməni ictimai fikrində narahatlıqla izlənilir. 

Erməni mediası yazır ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp, hər şeydən öncə, “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb. Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. 

Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, İsrailyönlü olması. İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır. Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp “tarazlaşmaya” meylli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də Tramp Azərbaycanla birgə addım atacaq və qətiyyən “balans” saxlamayacaq.

“Bayden isə ermənilərin istəklərinə boyun əydi, amma nəticəsini də gördü” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Baydenin uğursuzluğu erməniləri bərk məyus edib: “Öncə Donald Trampın iş prinsipinə, prezident və iş adamı kimi fəaliyyət istiqamətinə diqqət etməyimiz lazımdır. ABŞ-ın keçmiş prezidenti, bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə namizəd Tramp həm də bir iş adamıdır, ölkəsini çox sevir, onun inkişafı üçün əlindən gələni əsirgəmir, daxili problemlərə diqqət edən, onun həllinə çalışan dövlət başçısı kimi özünü tanıdıb. Trampın əlaqələri genişləndirmək istədiyi ölkələr sırasında Ermənistanın yox, Azərbaycanın olmasında təəccüblü heç nə yoxdur. Ermənistan inkişaf perspektivi, yeraltı və yerüstü sərvətləri, insan resursu olmayan, vaxtilə dotasiya, indi isə xarici donorlar, ianəçilər hesabına yaşayan ölkədir. Qonşuları ilə problemləri çox olan Ermənistan həm də xarici ölkələrdən iqtisadi və siyasi asılılıq vəziyyətindədir. Tramp öz ayağı üstündə sərbəst durmağı bacaran ölkələrlə tərəfdaşlıq, ya da müttəfiqlik etməyə üstünlük verir, Ermənistanla yox. Ermənilər bunu anlamalıdırlar”. 

Politoloqun fikrincə, ermənilər başqa ölkələrə nisbətən Birləşmiş Ştatlarda sayca daha çoxdurlar və daha varlıdırlar: “Siyasi dairələrlə ermənilərin əlaqələri də çoxdur, Amerika Erməniləri Milli Komitəsi burada bir təşkilat olaraq müxtəlif üsullarla ayrı-ayrı konqresmen və senatorlarla işbirliyi qura biliblər. Məhz onların vasitəsilə dövlətin bəzi qurumlarına təsir imkanları əldə ediblər. Bayden hakimiyyətindən fərqli olaraq, Tramp ermənilərə şəxsi, milli maraqlarını dövlətin əli ilə təmin etməyə imkan vermirdi. İnanırıq ki, hakimiyyətə yenidən gələcəyi halda həmin siyasəti yenidən davam etdirəcək. Bu da dünya ermənilərini narahat edir. Məsələn, Tramp, Baydendən fərqli olaraq, prezident seçiləndən sonra xalqa müraciətində “erməni soyqırımı” ifadəsini işlətməyib. Bununla da Tramp sələflərinin yolunu davam etdirərək ermənilərin arzularını puç edib. Bayden isə ermənilərin istəklərinə boyun əydi, amma nəticəsini də gördü. Bu gün Trampın prezident seçilmək şansı çox yüksəkdir. Ona qarşı qoyulan bütün maneələri aşmağı bacarır, haqqında çıxarılan saxta məhkəmə qərarından tutmuş sui-qəsdə qədər edilən bütün qanunsuzluqlar onun mövqelərini, dəstəkçilərini bir az da artırır. Trampın Azərbaycana münasibətində müsbət nüansların çox olmasında da təəccüblü heç nə yoxdur. Azərbaycan Cənubi Qafqazın bütün mənalarda lider ölkəsidir. Azərbaycanın iradəsindən kənarda bu regionda heç bir layihə reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz ölkələrinin iqtisadi imkanlarının 80 faizinə sahibdir. Orta Dəhlizin əsas ölkəsidir, Şərqdən Qərbə, Çindən Avropaya uzanan nəqliyyat və enerji dəhlizində söz sahibidir, böyük logistikaya, infrastruktura malikdir, İnvestisiyalara açıq, etimad göstərilən ölkədir. ABŞ-la bir sıra regional layihələrdə iştirak edən Azərbaycan balanslı və dayanıqlı xarici siyasəti ilə partnyorlarının rəğbətini qazanıb. Bütün bunlar Trampın qələbə qazanacağı təqdirdə Azərbaycanla daha yaxından münasibət quracağını şərtləndirən müsbət amillərdir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
baki-xeber.com

10Mənbələr