AZ

Ermənistan üçün TƏHLÜKƏLİ PERSPEKTİVLƏR – TƏHLİL

Rəsmi İrəvanın Qərb yönümlü olması, Avropaya meyl etməsi, bunun əvəzində də Rusiyaya qarşı xəyanətkarlıq nümayiş etdirməsi çoxdandır ki, müzakirələrə səbəb olub. Ermənstanın belə xəyanətkarlığının heç də yaxşı sonluqla nəticələnməyəcəyi barədə artıq dəfələrlə fikirlər səsləndirilib, amma bu dəfə ermənilərin məhz Vaşinqtonda NATO sammitində iştirak etməsi daha böyük əks-səda doğurub. Əksər rusiyalı politoloqlar, siyasətçilər İrəvanın bu addımının artıq təhlükəli perspektivlər vəd etdiyi qənaətindədirlər.

Rəsmi Moskva İrəvanın ərköyünlüyündən, xəyanətkarlığından boğaza yığılıb, son dərəcə də bezib

Diqqətə çatdıraq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu dəfə İrəvanın addımlarına və seçiminə daha sərt reaksiya verib. “Moskva İrəvanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından bərk təsirlənib, məyus olub”, deyən Qaluzin qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə konstruktiv yanaşma əvəzinə fərqli yol seçib. “Ermənistanda ələlxüsus NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə əlaqələri, xüsusən də NATO standartlarında olan silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqələri artırmağa üstünlük verirlər”, deyə fikirlərini açıq şəkildə ifadə edən Rusiya xarici işlər nazirinin müavini İrəvanı kəskin şəkildə hədəfə alıb. O, xüsusilə qeyd edib ki, Ermənstan indi məhz Rusiyanın strateji məğlubiyyətini arzulayanlarla əlaqələrini dərinləşdirməkdədir. Nazir müavini diqqətə çatdırıb ki, Avropa İttifaqı missiyası Ermənistan ərazisində casusluq fəaliyyəti həyata keçirir. “Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatı topladığını düşünmək üçün kifayət qədər əsaslar var”, deyən Qaluzin konkret çıxış edib və hədsiz dərəcədə özünə əminliklə fikirlərini ifadə edib. Bu isə onu deməyə əsas verir ki, Rusiyanın XİN rəhbərinin müavini artıq ermənilərə qarşı kəskin mövqedə olduğunu heç gizlətmək belə fikrində deyil və açıq-aşkar da bunu bildirir. Yəni, XİN rəhbərinin müavini konkret olaraq öz iradlarını gizlətmir. Onun sözlərindən və mövqeyindən də belə məlum olur ki, rəsmi Moskva artıq İrəvanın ərköyünlüyündən və xəyanətkarlığından boğaza yığılıb, artıq son dərəcə də bezib.

Qərbin müdaxiləsi daim xaosa, kataklizmlərə və arzuolunmaz sonluğa gətirib çıxarır

Gördüyümüz kimi, indi qonşu Gürcüstanda hadisələr xaotik şəkildə cərəyan edir. Küçələrə toplaşan insanlar tamamilə nəzarətdən çıxmış kimi görünür. Artıq etirazçılardan ibarət olan kütlə idarəedilməz haldadır. Bu isə istənilən anda qarşıdurmaların və daha ciddi proseslərin başlana biləcəyinə də əsas verir. Hətta Gürcüstanda vətəndaş müharibəsinin ola biləcəyi qənaətində olan politoloqlar, siyasi şərhçilər belə az deyil. Əksəriyyəti də hesab edir ki, Qərb yönümlü, Avropa yönümlü olmaları gürcüləri bu böyüklükdə üçürümün kənarına gətirib çıxarıb. İndi Gürcüstanda bu böyüklükdə xaos olduğu bir məqamda ortalıqda nə Qərb görünür, nə də Avropa. Belə bir vəziyyətdə Gürcüstan ictimaiyyəti özü vəziyyəti tənzimləməlidir. Bunun üçün isə hələ də zəmin yoxdur. Əksinə, hazırda daha ağır bir vəziyyət hökm sürür və həmin vəziyyət getdikcə daha da ağırlaşır. Görünür, Ermənistan hökuməti qonşu ölkədəki bu nümunədən qətiyyən nəticə çıxara bilməyib və belə çıxır ki, haylar özlərini daha dərin quyuya salmaq fikrindədirlər.

Ekspertlərin fikrincə, Ermənistan sözün əsl mənasında Ukraynanın yolu ilə getmək üçün bərk tələsir. Bir çoxlarına görə, Rusiyaya qarşı sonsuz nifrətin güclənməsi, amerikalılarla birgə anti-Rusiya bəyanatlarına üstünlük verilməsi Ermənistanın sonunu yaxınlaşdırır. Ən azından yaxşı perspektivlər vəd etmir. Çünki ermənilərin ruslar əleyhinə çıxışlarına Rusiyanın biganə qalacağı heç də inandırıcı görünmür. Heç şübhəsiz ki, Moskva bunun cavabını verəcək. Kremlin hayları cəzalandıracağına zərrə qədər şübhə etməyənlər indi daha çoxdur. Çoxları hesab edilərlər ki, Qərbin Rusiya ilə mübarizəsində Paşinyan Ermənistanı top lüləsinin önünə qoyulacaq material kimi hazırlayır. Təbii ki, bunun neçə baş verəcəyini indidən söyləmək çətindir, amma hər halda nə isə baş verəcəyini, rusların haylara hansısa cavabı verəcəyinə şübhə edənlər azlıq təşkil edirlər. Rusların Ermənistanda olan rıçaqlarını nəzərə alanlar əmindirlər ki, haylar mütləq Rusiya tərəfindən cəzalandırılacaqlar və onları heç də xoşagələn ssenari, perspektiv gözləmir. Əksəriyyət siyasətçilər hesab edirlər ki, Paşinyan Qərbdən gələn iyanələri, yardımları qəbul etməklə, bunun müqabilində də ağalarının əmrlərini yerinə yetirməklə kifayətlənir. Onlara görə, nə vaxtsa Paşinyanın bu hərəkəti faciəyə səbəb olacaq. Həqiqətən də erməni xalqı hələ də fəlakətli sonluqla nəticələnəcək hadisələrin sanki fərqində belə deyil. Sanki fərqində deyil ki, Qərbin müdaxiləsi daim xaosa, kataklizmlərə və arzuolunmaz sonluğa gətirib çıxarır.

Ermənistanın təhlükə astanasında olduğu qənaətində hər kəs haqlıdır

Əlbəttə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu dəfə kəskin şəkildə fikir bildirməsi heç də təsadüfi sayıla bilməz. Doğrudur, Rusiya rəsmilərinin dilindən Ermənistanla bağlı fikirləri az eşitməmişik, amma bu dəfə Rusiya XİN rəhbərinin müavinin dilindən od püskürdüyünü müşahidə etdikdə dərk edirik ki, vəziyyət heç də əvvəlki kimi deyil, daha kritikdir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan üçün daha təhlükəli “perspektivlər” gözlənilir. Nəyə görə təhlükəli sonluğa təhlükəli perspektivlər dediyimizi başa düşmək ümid edirik ki, çətin deyil. Çünki belə təhlükəli sonluqları haylar, onların başbilənləri hər zaman perspektiv hesab ediblər. Məsələn, Nikol Paşinyan şəxsən özü belə Qərbə, Avropaya üz tutmağı perspektiv hesab edib. Halbuki, bunun perspektiv deyil, fəlakət olduğunu biz dəfələrlə qonşu ölkələrin, elə Gürcüstanın, Ukraynanın timsalında görmüşük. Ukraynalılara müstəqillik, suverenlik, demokratiya vədi verən Qərb nəticədə həmin ölkənin torpaqlarını özünün Rusiya ilə mübarizəsində, münaqiləsində poliqona çevirmiş oldu və bunu da hamı çox gözəl müşahidə etdi. Müşahidə etdi ki, dağılan şəhərlər heç də Qərb və Avropa şəhərləri deyildi və viran qalan da məhz Ukrayna ərazisi oldu. Bununla yanaşı tələfatı da ukraynalılar verdilər. Qırğınlar da, əhali arasında ölümlər də Qərb və Avropa əhalisi arasında yox, məhz Ukrayna əhalisi arasında idi. Deməli, Paşinyan da indi öz xalqına belə bir fəlakətli, təhlükəli “perspektiv” düşünür və acıncaqlıdı odur ki, bunun nə dərəcədə təhlükəli olduğunu onun özü deyil, Mixail Qaluzinin timsalında digərləri başa düşürlər. Başa düşürlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbdən əlavə dəstək almağa çalışır, lakin ABŞ və Aİ onun almaq istədiyini yalnız Rusiya ilə əlaqələrin zəiflədilməsi və bu istiqamətdə təxribatçı fəaliyyətlər müqabilində verməyə hazırdır və bunun sonu heç də yaxşı görünmür. Dərk edirlər ki, Qərb Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə və ya İrəvana iqtisadi üstünlüklər verməyə hazır deyil, bunu heç verən də deyil. Beləliklə, İrəvanın qeyri-müəyyən və çox təhlükəli perspektivləri görünən müstəvidə olması artıq çoxdandır ki, bəllidir və bir çoxlarının da diqqətindən yayınmayan bu həqiqətlər artq açıq-aşkar şəkildə bildirilirsə, deməli, həmin ölkənin təhlükə astanasında olduğu qənaətində hər kəs haqlıdır.

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
18
sia.az

10Mənbələr