AZ

Tramp-Vens bloku ABŞ-ın üzünü Avropadan Asiyaya çevirir- Azərbaycanla ABŞ bir yola çıxır...

Image

Hüseyn İbrahimov: “Məsələyə hansı tərəfdən baxsaq, Trampın seçilməsi Azərbaycanın maraqlarına uyğundur”

Donald Trampın senator Cey Di Vensi vitse-prezident seçmək qərarı Avropada narahatlıq yaradıb, xüsusən də seçkidə qalib gəlsələr, Vens onsuz da şübhə ilə yanaşan Trampı Rusiyaya qarşı müharibədə Ukraynadan əl çəkməyə sövq edə bilər.

Bundan başqa, builki Münhen Təhlükəsizlik Konfransında Vens bildirib ki, Avropa ABŞ-ın prioritetlərinin Şərqi Asiyada olduğuna görə oyanmalıdır.

“Amerikanın təhlükəsizlik örtüyü Avropa təhlükəsizliyinin zəifləməsinə imkan verdi” - o deyib.

Daha sonra bunları qeyd edib: “ABŞ Şərqi Asiyaya daha çox diqqət yetirməlidir. Bu, Amerikanın gələcək 40 illik xarici siyasətinin gələcəyidir və Avropa bu faktdan ayılmalıdır. Avropa bilməlidir ki, qitənin təhlükəsizliyini qorumaq bizim işimiz deyil”.

Bütün bu deyilənlərin fonunda, Tramp prezident, Vens vitse-prezident seçilsə, bu, ABŞ-Ukrayna siyasətinə necə təsir edəcək? Avropa ilə ABŞ-ın münasibətlərinə necə təsir edəcək? Məlum olduğu kimi, Tramp birinci prezidentliyi dövründə NATO-ya ayrılan vəsaiti azaldacağını demişdi. Bir neçə ay əvvəl isə deyib ki, NATO üzvləri ümumi daxili məhsulun 2 faizini bloka ayırmasalar, Birləşmiş Ştatlar maliyyələşdirməni kəskin azaldacaq. Üstəlik, Avropadan polad idxalına 10 faiz rüsumlar tətbiq etmişdi. Bayden gələndən sonra həmin rüsumlar ləğv edilsə də, Tramp prezident olandan sonra bunu yenidən bərpa edəcəyini deyir. Diqqəti yönəldəcəklər Şərqi Asiyaya. 

O da məlumdur ki, Azərbaycan artıq Asiya ölkələri ilə münasibətlərə çox böyük üstünlük verir. Trampın da Asiya ölkələrinə xüsusi önəm verəcəyini nəzərə alsaq, bu amil ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Tramp prezident seçilərsə, bu kimi məsələlər necə uzlaşdırılacaq?

“Tramp administrasiyası Orta Dəhliz və digər nəqliyyat-tranzit kommunikasiya xətlərinin kəsişməsində...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, məsələyə hansı tərəfdən baxsaq, Trampın seçilməsi Azərbaycanın maraqlarına uyğundur: “Nəzərə almaq lazımdır ki, Respublikaçılar Partiyasının hakimiyyətdə olması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğundur. Ən azından, biz unutmamalıyıq ki, 44 günlük Vətən müharibəsi dönəmində ABŞ prezidenti Tramp idi. Həmin vaxt Tramp adminstrasiyası Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mane olmadı. O vaxt ABŞ prezidenti hansısa sərt bəyanat vermədi, prosesləri durdurmaq üçün çalışmadı. Məhz bunu erməni lobbisi hələ də Trampa bağışlamır. Əminəm ki, Tramp prezident olarsa, ABŞ-Azərbaycan münasibətləri Baydenin prezidentliyi dövründəki dövrlə müqayisədə qat-qat yaxşı olacaq. Birləşmiş Ştatlar Azərbaycanın daxili işinə müdaxilə etməz. Tramp adminstrasiyası Orta Dəhliz və digər nəqliyyat-tranzit kommunikasiya xətlərinin kəsişməsində yerləşən Azərbaycanın önəmini daha düzgün dəyərləndirəcək. İran amilinə görə Azərbaycana göstərilən diqqət artacaq. İsrail amili səbəbindən Azərbaycana xüsusi önəm veriləcək. Ermənilərə görə ABŞ-ın Azərbaycana yönəlik hansısa təzyiqləri olmayacaq. Bir sözlə, Trampın seçilməsi Azərbaycanın maraqlarına tam uyğundur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
49
baki-xeber.com

10Mənbələr