757 milyon insan aclıqla üzləşib - Hesabat
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü il hesabatına görə, dünyada hər 11 nəfərdən biri, Afrikada isə hər beş nəfərdən biri münaqişələr, iqlim dəyişikliyi və iqtisadi böhranlar səbəbindən aclıqdan əziyyət çəkir.
Reyting.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan "Dünya Ərzaq Təhlükəsizliyi" hesabatına görə, dünya 2030-cu ilə qədər aclığı aradan qaldırmaq çətin olacaq.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maximo Torero deyib ki, 713 milyondan 757 milyona qədər insan xroniki qida çatışmazlığından əziyyət çəkir və aclıqla üzləşir. Bu, dünyada hər 11 nəfərdən birinin ac qalması deməkdir.
Qeyd olunur ki, regional tendensiyalar əhəmiyyətli dərəcədə dəyişir: Afrika və Latın Amerikasında aclıq artır, Asiyada isə sabit qalır.
"Cənubi Amerikada aclıqdan çox tez və effektiv şəkildə qurtulmağa imkan verən son dərəcə inkişaf etmiş sosial müdafiə proqramları var", - BMT rəsmisi qeyd edib. M. Torero əlavə edib ki, bu hal Afrikada müşahidə olunmur: "Onların hələ də yaxşı hədəflənmiş sosial müdafiə proqramını həyata keçirmək üçün institusional imkanları yoxdur".
Hesabatda bildirilir ki, ərzaq inflyasiyası, münaqişələr, iqlim dəyişikliyi və iqtisadi tənəzzüllər kimi amillər səbəbindən ərzaq təhlükəsizliyi və qida çatışmazlığı daha da pisləşir.
BMT nümayəndəsi xəbərdarlıq edib ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər təxminən əlavə olaraq daha 582 milyon insan xroniki olaraq qida çatışmazlığından əziyyət çəkəcək, onların yarısının Afrika qitəsindən olacağı gözlənilir.
Hesabatda həmçinin vurğulanır ki, milyardlarla insan üçün kifayət qədər qidaya çıxış hələ də çətindir. Bildirilir ki, 2023-cü ildə dünyada təqribən 2,33 milyard insan orta və ya ağır səviyyələrdə ərzaq təhlükəsizliyi ilə üzləşib. COVİD-19 pandemiyası səbəbindən 2020-ci ildə kəskin artımdan sonra bu rəqəm əhəmiyyətli dərəcədə dəyişməyib.
Əlverişli qiymətlərlə sağlam qidalanmaya çıxışın olmaması da dünya əhalisinin üçdə birindən çoxunu əhatə edən kritik problem olaraq qalır.
V. QULİYEV