Bəzi KİV-lər İsrailin Livana qarşı hərbi əməliyyatlarının yaxın günlərdə müharibəyə çevrilə biləcəyini bildirir. İsrail Hərbi Hava Qüvvələri Hizbullahın Livanın cənubundakı silah anbarlarını hədəfə alması ciddi münaqişə riskini olduqca artırıb.
İsrailin Livana qarşı başlatdığı müharibədən sonra pisləşən Türkiyə-İsrail münasibətləri daha da gərginləşə bilərmi?
Əlavə olaraq İsrail xarici işlər naziri İsrail Katz Qərb ölkələrinə Türkiyənin NATO-dan çıxarılması haqqında çağırış edib.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi, bölgədə vəziyyəti daha da qarışdıra bilər. İsrail artıq təkcə Qəzzada müharibə aparmır, Livanda da qarşıdurmada ehtimalı çoxdur. Çünki Livandakı Hizbullah təşkilatı İsrailin mövqelərini vurdu, insan itkisi oldu. İsrail bunun əvəzində hava bombardmanı həyata keçirdi və Livanın cənubuna daxil ola bilər.
Türkiyə prezidenti Ərdoğanın mövqeyi son dərəcə sərtdir. Hətta Türkiyənin müdaxilə edə biləcəyi ilə bağlı açıqlamalar var. İsrail də tələb edir ki, Türkiyə NATO-dan çıxarılsın. Əlbəttə necə ki, Rusiya-Ukrayna müharibəsində birbaşa və dolayı yolla iştirak edən ölkələrin sayı çoxalır və bu təhlükənin miqyasının artdığını göstərir. Eləcə də Yaxın Şərqdə İsrail-Livan qarşıdurmasının başlanması, bölgədə müharibənin yeni oyunçuların qatılması şərtləndirə bilər ki, bu bölgədə vəziyyəti daha çox gərginləşdirəcək. İran da prosesin içinə daxil ola bilər. Ona görə, əgər yaxın günlərdə Israil-Livan məsələsinin danışıqlar yolu ilə həllinə üstünlük verməsələr, yenə müharibə variantını seçsə əlbəttə gərginlik artacaq”.
Eltac Zülfüqaroğlu/Turkustan.az