AZ

"The Guardian": Azərbaycan enerji sektorunda transformasiyaya can atır

Azərbaycan enerji sektorunda transformasiya həyata keçirməyə çalışır.

Fins.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin ətraf mühit üzrə şöbəsinin redaktoru Fiona Harvinin qəzetdə dərc olunan məqaləsində bildirilib.

Qeyd edilib ki, artıq dəyişiklik müşahidə olunub - hazırda neftin ixracında onun payı azalır.

Müəllifin fikrincə, Azərbaycan enerji sektorunda ilk növbədə öz daxilində, sonra isə neftdən asılı olan digər ölkələrin iqtisadiyyatlarında transformasiya həyata keçirməyə ümid edir.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) neft hasil edən ölkədə keçirilməsi qeyri-adi hal deyil. Ötənilki ev sahibi dünyanın yeddinci ən böyük qaz ehtiyatına malik Birləşmiş Ərəb Əmirlikləri idi. Bir çox digər qalıq yanacaq istehsal edən ölkələr COP sessiyalarına sədrlik edib: 2021-ci ildə Böyük Britaniya, 2012-ci ildə Qətər, 2005-ci ildə Kanada və 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının hazırlanması zamanı Braziliya”, - məqalədə qeyd edilib.

F.Harvi vurğulayıb ki, Azərbaycan hökumətinin qlobal temperatur artımını 1,5°C səviyyəsində məhdudlaşdırmağa çalışarkən neft və qaz ixracatçısı olmasında heç bir ziddiyyət yoxdur.

“Düşünmürəm ki, neft hasilatı və istifadəsi ilə bağlı məzəmmət etmək yaxşı fikirdir. Bəli, biz neft-qaz ölkəsiyik, bu bizim tariximizdir. Amma biz çox şey edirik. Biz yeni paradiqmaya sadiqik və güclü arzumuz var”, - müəllif COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin sözlərini sitat gətirib.

N.Arpadarai əlavə edib ki, neft və qaz hasil edən ölkələrin iştirakı olmadan iqlim böhranı ilə mübarizədə irəliləyiş mümkün deyil: “Bizə həmrəylik lazımdır. Bütün ölkələr birlikdə iqlim üzrə gündəliyin həyata keçirilməsinə çalışmalıdırlar”.

F.Harvi xatırladıb ki, ötən ay Azərbaycan iqlim böhranından əziyyət çəkən inkişaf etməkdə olan ölkələr üçün fond yaratmağı təklif edib və ümid edib ki, digər ölkələr də bu fonda vəsait ayıracaqlar: “COP29-da əsas məsələ olan tullantıları azaltmaq üçün ildə trilyonlarla dollar tələb olunacaq. Lakin indiyədək zəngin inkişaf etmiş dünya hər il 100 milyard dollar verməklə bağlı uzunmüddətli öhdəliyini çətinliklə yerinə yetirib”.

Sonda F.Harvi qeyd edib ki, Azərbaycan üçün kiçik bazadan bərpa olunan enerji istehsalının dörd dəfə artırılması yalnız başlanğıc ola bilər: “Bu neft-qaz ölkəsinin bütün iqtisadiyyatı, dünya iqtisadiyyatı kimi, yenidən qurulmalı olacaq”.

Kaira Ağayeva

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
fins.az

10Mənbələr