Son vaxtlar Ermənistanla Azərbaycan arasında münasibətlər yenidən kəskinləşib. Ermənistan hakimiyyətində təmsil olunan ayrı-ayrı şəxslərin müharibə ritorikasına üstünlük verməsi, tərəflər arasındakı ziddiyyətləri daha da dərinləşdirib.
Son bir neçə ayda hərbi potensialını gücləndirən Ermənistanın yenidən müharibə ritorikasına üstünlük verməsi 2 ölkə arasında aparılan sülh danışıqlarını arxa plana keçirə bilərmi? Azərabycanla Ermənistan arasında hərbi toqquşmanın olması nə dərəcədə realdır?
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistandan hər zaman təxribat cəhdləri gözləmək mümkündür:
“Ermənistandan daim təxribat xarakterli fəaliyyətlər gözləməliyik. Hətta, sülh və ya çərçivə sazişi imzalansa belə, Ermənistanın təxribat cəhdlərindən əl çəkəcəyini kimsə istisna edə bilməz. Son zamanlar Ermənistanın sürətli şəkildə silahlanması, Azərbaycanla sərhəddə bir neçə dəfə atəşkəs rejimini iriçaplı silahlarla pozması, digər tərəfdən, Ermənistan hərbi və siyasi rəhbərliyində təmsil olunan şəxslərin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar o cümlədən, bu bəyanatlarda ərazi iddialarının yer alması Ermənistanın növbəti dəfə Göyçə və ya Naxçıvan istiqamətində fəallaşdığını nümayiş etdirir”.
Ekspertin fikrincə, Ermənistanın bu dəfəki təxribatı Göyçə və Naxçıvan istiqamətində baş tuta bilər:
“Başqa sözlə desək, Ermənistan tərəfinin son aylar ərzində həyata keçirdiyi təxribat məqsədli fəaliyyətləri təhlil etsək, o zaman Ermənistanın Göyçə və ya Naxçıvan istiqamətində növbəti təxribatlar törədəcəyi, hətta eskalasiya yaradacağına ehtimal edə bilərik. Bu proseslərdə əsasən kənar qüvvələr Ermənistanı təxribat törətməyə daha çox təhrik edir. ABŞ-ın birgə təlimləri, həm də Hindistanın və Fransanın Ermənistana verdiyi silahlar təxribatların miqyasının əvvəlkilərdən daha geniş ola biləcəyini göstərir”.