“Dünyada geosiyasi, iqtisadi müstəvidə baş verən proseslər, qlobal proseslər sözsüz ki, regional iqtisadi inkişafa da və dünya miqyasında uzun illər ərzində formalaşan ticari-iqtisadi münasibətlərə də öz təsirini göstərir. Qlobal miqyasda formalaşmış valyutaynın dünya miqyasında ehtiyyat valyuta rolu oynamasına söykənən sistem ciddi tənəzzüllə üz-üzə qalıb. Belə olan halda şübhəsiz ki, yeni iqtisadi reallıqlar formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
O bildirib ki, yeni iqtisadi inkişaf mərkəzi olaraq Cənubi-Şərqi Asiya bölgəsi ön plana çıxır: “Bu bölgədə hazırda baş verən iqtisadi artım təsadüfi deyil. Bu həmin ölkələrdə formalaşan idarəetmə sisteminin mütərəqqiliyi ilə bağlıdır. Eyni zamanda köhnə qlobal liderin öz mövqelərini itirməsi şübhəsiz ki, öz rolunu oynayır.
Qlobal onilliklər ərzində formalaşan trendlər deməyə əsas verir ki, insan kapitalına, sosial müstəviyə istiqamətlənmiş xərclərin, iqtisadi siyasətin effektivliyi açıq-aşkar dünya təcrübəsində öz mövqeyini nümayiş etdirdi, daha mütərəqqi olduğunu təsdiqlədi. Biz də bu trendlərə sözsüz ki, istinadən etməliyik, nəzərə almalıyıq.
Azərbaycanda da son altı ildən çox, 2018-ci ilin ortalarından sosial müdafiə sistemində baş verən proseslər effektiv siyasət, mütərəqqi yanaşmalar, şəffaflığın təmin edilməsi, rəqəmsallaşmanın müsbət tərəfinin əldə olunması ölkəmizdə bir sıra parametrlər üzrə sosial siyasətdə müsbət nəticələrə şərait yaratdı. Ölkə üzrə əməkhaqqı fondunda xeyli artım var. Sosial-iqtisadi siyasət insanların, əhalinin sosial rifahına şərait yaratmalıdır”.