Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra nailiyyətlərə imza atıb. Müstəqil siyasət yürüdən ölkəmiz beynəlxalq və regional təzyiqlərə baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan etdi. Qətiyyətli və şaxələndirilmiş xarici siyasət nəticəsində qısa zaman ərzində Azərbaycan Respublikasının beynəlxalq imicini formalaşdıra bildi. Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin edib.
Qeyd edilməlidir ki, 2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazıldı. Ötən ilin 19 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda Milli Məclisə seçkilər keçirildi.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir sıra məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq verğuladı ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, – deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.
Bildirdi ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. “Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizə qarşı edilən bu kimi cəhdlərin qarşıya daim qətiyyətlə alınır. Ən əsası Azərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi ölkəmizə qarşı aparılan ideoloji mübarizənin qarşısını almağa geniş imkanlar yaradır. Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqladı. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Ölkə başçısı bu çağırışı etdi ki, yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib. Növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz daha böyük olacaq. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Xarici mənbələrdən daha az asılı olmalıyıq. Bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik.
Beləliklə Azərbycanın qazandığı uğurların qısa təhlili belə nəticəyə gəlməyə əsas verir ki, əldə edilənlər gələcəyə daha böyük inamla addımlamağa yardımçı olacaq. Prezidentin də qeyd etdiyi kimi bu uğurlarla kifayətlənməyib daim irəli addımlamalıyıq və gələcəkdə qarşımızda bir çox digər vəzifələr durur.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü