AZ

Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: "Növbəti hədəf Azərbaycan olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstanda parlament seçkisindən əvvəl, onsuz da, gərgin bir vəziyyət yaranmışdı. Qərb ölkələri Gürcüstanda seçkinin nəticələrinin öz planlarına uyğun olmasını istəyir, ona görə də müxalifətə dəstək verirdilər. Bu prosesin içində Gürcüstanın Prezidenti Salome Zurabişvili də var idi. Baxmayaraq ki, o, eyni mövqedə olduğu sabiq prezident Mixail Saakaşvilini əfv etmədi, amma indiki halda Saakaşvilinin partiyası da daxil olmaqla, digər müxalif partiyalarla bir yerdə bu prosesdə iştirak edirdi. Nəticə etibarilə Gürcüstanda seçki keçirildi və hakim Gürcü Arzusu Partiyası qalıb gəldi. Təbii ki, Gürcü Arzusunun qələbə qazanması Qərbin müəyyən dairələrinin maraqlarına uyğun deyil, buna görə də etiraz səsləri özünü çox gözlətmədi".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Onun sözlərinə görə, seçkinin nəticəsinə müxtəlif formalarda etirazlar edilsə də, Gürcü Arzusunun 54 faiz səs qazanmasına mane ola bilmədilər:
"Ona görə də hiss olunur ki, seçkinin nəticəsini Qərb dairələri artıq qəbul edirlər və görünür, Gürcüstan hökuməti ilə münasibətləri tamamilə korlamaq istəmirlər. Çünki gələcəkdə mövcud hökumətlə işləmək lazımdır. Ona görə də bundan sonrakı mərhələdə vəziyyətin ciddi surətdə dəyişəcəyi proqnozlaşdırılmır".
"Bu baxımdan, görünən odur ki, Gürcü Arzusu hökuməti formalaşdırmağa nail olacaq və hakimiyyətdə qalmağı bacaraq. Bundan sonrakı müddətdə isə hadisələrin gedişinin necə olacağını zaman göstərəcək. Lakin hesab edirəm ki, həyəcan təbili çalmağa səbəb ola biləcək hadisələr baş verməyəcək", - deyə deputat əlavə edib.
Siyasi şərhçi Azad Məsiyev isə Oxu.Az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazı öz nəzarətinə götürmək istədiyini deyib:
"Hətta Gürcüstanda "Xarici agentlər haqqında" qanun layihəsi müzakirə edilən bir vaxtda Birləşmiş Ştatlar bu ölkədə dövlət çevrilişinə cəhdlər planlaşdırmış və öz nəzarətində olan qeyri-hökumət təşkilatları vasitəsilə planlarını həyata keçirməyə çalışmışdı. Yəni vətəndaş itaətsizliyi yaratmaq istəyirdi. Təbii ki, bu proses baş tutmadı və Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müstəqil siyasət yürütmək və dövlət müstəqilliyini qorumaq üçün bu qanunu qəbul etdi".
"Gürcüstan hökuməti bu qanunu qəbul etməklə bir daha Qərbə nümayiş etdirdi ki, Gürcüstan müstəqil ölkədir, xarici ölkələrin əlində alət deyil. Təbii ki, Birləşmiş Ştatlar Gürcüstanın indiki hakimiyyətinin yürütdüyü siyasəti qəbul etmir. Çünki ABŞ Gürcüstanı alət kimi istifadə etmək istəyir. Necə ki, sabiq prezident Mixail Saakaşvili dövründə Gürcüstan alət kimi istifadə olundu. Qərb növbəti etapda parlament seçkisinə ümid bəslədi ki, nəzarətində olan müxalif qüvvələr hakimiyyətə gələcək, lakin gürcü xalqı bu dəfə də öz iradəsini göstərdi və hakim partiyaya səs verdi. Bu proses isə əlbəttə ki, başda Birləşmiş Ştatlar olmaqla Qərb koalisiyasını qane etmir və Gürcüstanı öz nəzarətinə götürmək üçün Ukrayna ssenarisi gündəmə gəlməkdədir. Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili, baxmayaraq ki, hakimiyyətdədir, lakin müxalifət düşərgəsinə qoşulub. Daha doğrusu, o, gürcü xalqının və dövlətinin maraqlarına yox, Qərbin maraqlarına uyğun davranır. Gürcü xalqı isə hər şeyə rəğmən, öz iradəsini ortaya qoydu", - müsahibimiz deyib.
Şərhçi əlavə edib ki, seçkinin nəticələrinə qane olmayan qüvvələr Gürcüstan prezidentini ortaya atıb, müxalif düşərgəni onun ətrafında birləşdirərək hökumətə təzyiq etmək istəyirlər:
"Çünki Gürcüstanda xaos yaratmaq üçün katalizatora ehtiyac var. Necə ki, Ukraynada "Maydan hərəkatı"nda ssenari qurularaq insanlar qətlə yetirildilər, lakin həmin cinayətkar dəstə aşkar edilmədi. Yəni xalqı emosional vəziyyətə gətirib, hakimiyyətləri devirmək üçün bu cür təxribatlara əl atılır. Bu klassik forma bir neçə dövlətdə həyata keçirilib, bu gün Gürcüstanı da Ukrayna ssenarisi gözləyir".
"Bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının və Avropanın 10-dan çox dövlətinin bəyanatı da göstərir ki, Gürcüstanı xaos vəziyyətinə gətirmək istəyirlər. Təbii ki, bu xaosun yaranması üçün qurban lazımdır. İndi bu qurban kim olacaq, zaman göstərəcək. Hesab edirəm ki, Gürcüstan parlamenti tezliklə öz fəaliyyətinə başlayacaq və Gürcüstan prezidentinin fəaliyyətinə qiymət verərək, onun impiçment məsələsini gündəmə gətirəcək", - Məsiyev vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan həm də Qərb üçün strateji hədəf sayılır:
"Çünki Birləşmiş Ştatların hədəfi Rusiyanı düşmən elan edib, ətrafında qaynar ocaqlar yaratmaqdır. Gürcüstanı da bu istiqamətdə alətə çevirmək istəyir. Ümumilikdə isə Rusiyanın cənub cinahını bağlamaq üçün Cənubi Qafqaz respublikalarını Birləşmiş Ştatlar öz nəzarətinə keçirmək istəyir. Ermənistan artıq Birləşmiş Ştatların nəzarəti altındadır. Gürcüstan da Birləşmiş Ştatların nəzarətinə keçərsə, növbəti hədəf Azərbaycan olacaq. Çünki balanslaşdırıcı siyasət Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Gürcüstanın indiki hakimiyyəti Azərbaycandan nümunə götürərək balanslaşdırıcı siyasətə üstünlük verir, həm Qərblə, həm qonşuları ilə, həm də digər dövlətlərlə əməkdaşlıq etməkdə maraqlıdır".
Mərahim Nəsib
phrase_var_article.chosen
112
50
oxu.az

10phrase_var_article.sources