Fransa Futbol Federasiyası (FFF) PSJ-nin parislilərin keçmiş hücumçusu Kilian Mbappe ilə bağlı şikayətini rədd edib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, söhbət PSJ-nin Mbappeyə ödənilməmiş maaş və əlavə üstəliklərlə bağlı borcunun ödənilməsinə müəkəlləf edildiyi qərara şikayətindən gedir.
Xatırladaq ki, daha əvvəl Fransa Peşəkar Futbol Liqası PSJ-ni Mbappeyə 55 milyon avro məbləğində borcunu ödəməyə mükəlləf etsə də, Paris klubu bu qərarla razılaşmamışdı. Belə ki, PSJ bununla bağlı FFF-ə müvafiq şikayət ərizəsi ünvanlamışdı.
Beləliklə, Mbappe bütün cəbhələrdə keçmiş klubu ilə arasında olan məhkəmə çəkişmələrini qazanmağı bacarıb.
İndi PSJ müəyyən edilmiş müddət ərzində fransalı ulduza olan borcunu son qəpiyinə qədər ödəməyə məcburdur.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 16 oyuna 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.