AZ

“Barselona”da Lamin Yamal şoku - bir ay oynamayacaq

İspaniya La Liqasının 17-ci turunda “Leqanes”lə ev oyunu (0:1) “Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal üçün düşərli olmayıb.

Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün əsaslı tibbi müayinələrdən keçmiş Yamalın zədəsinin şiddət dərəcəsi məlum olub, həmçinin futbolçunun hansı müddətə sıradan çıxdığı açıqlanıb:

“Birinci komandanın oyunçusu Lamin Yamal Bazar günü, dekabrın 15-də “Leqanes”lə oyun zamanı sağ topuq nahiyəsindən zərbə alıb. Bazar ertəsi keçirilmiş müayinələr oyunçunun 1-ci dərəcəli ayaq biləyi bağlarının zədələndiyini göstərib. Futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir”, – “bluqrana”nın rəsmi bəyanatında deyilir.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 71 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
32
6
arena.az

10Mənbələr