“Barselona”nın ispan sağ cinah hücumçusu Lamin Yamal “Golden Boy” mükafatını qazandıqdan sonra növbəti fərdi karyera hədəfini açıqlayıb.
Arena.az “Tuttosport” dərgisinə istinadən, 17 yaşlı yeniyetmə futbolçunun bu barəfə fikrini təqdim edir:
“Növbəti fərdi hədəfim? “Barselona” ilə, xüsusən də Çempionlar Liqasında qalib gəlsəm, mənim, futbolçu karyerasının zirvəsi olan fərdi qənimət – “Qızıl top” uğrunda mübarizə aparmaq imkanım daha çox olacaq. Heç bir oyunçu komandasının bir hissəsi olaraq əhəmiyyətli bir şey əldə edə bilmədikdə, fərdi mükafatlar da qazanmır. Ona görə də komanda səviyyəsində uğur qazanmaqla, fərdi mükafatlara daha yaxın olacağam, çünki bunun biri digərinin nəticəsidir”, deyə Yamal fikrini əsaslandırıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 71 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.