“Barselona”nın ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal indiyə qədər qarşı oynadığı ən çətin rəqibinin adını çəkib.
Arena.az “Tuttosport” dərgisinə istinadən, ispaniyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Bu, David Raumdur, Almaniya yığmasının və “Leypsiq”in sol cinah müdafiəçisi. Sərt, çətin müdafiəçidir. Avropa çempionatının ¼ finalında almanlara qarşı oyunda o, çətin və keçilməsi mürəkkəb rəqib oldu”, deyə Yamal xatırlayıb.
Xatırladaq ki, Yamal hazırda zədəlidir və təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 71 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.